Bakı, AzerVoice
Birləşmiş Millətlər Təşkilatının (BMT) istintaq komissiyası Ayşenur Ezgi Eyginin ölümünü araşdırmaq üçün Ankaraya gəlib
AzerVoice xəbər verir ki, BMT işğal Olunmuş Fələstin Əraziləri üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyası Türkiyə vətəndaşı Ayşenur Ezgi Eyginin sentyabr ayında İsrail qüvvələri tərəfindən öldürülməsi ilə bağlı aparılan istintaqla əlaqədar Ankaraya səfər edib.
Komissiyanın əsas məqsədi , beynəlxalq humanitar hüququn pozulmasını araşdırmaq, İsrailin hərbi hərəkətlərinin hüquqi qiymətləndirilməsini təmin etmək və Ayşenur Ezgi Eyginin ölümünü əhatə edən dəlilləri toplamaqdır.
Ankara Baş Prokurorluğunun Fələstin məhkəmə orqanları ilə koordinasiyalı şəkildə işlədiyi, hadisə ilə bağlı yarılma nəticələrinin və sübutların əldə edildiyi bildirilib.
Prokurorluq BMT rəsmiləri ilə görüşün detalları və istintaqın sonrakı mərhələləri barədə ictimaiyyətin məlumatlandırılacağını qeyd edib.
Prokurorluqdan verilən məlumatda həmçinin qeyd olunub ki, Ayşenur Ezgi Eygi Beynəlxalq Həmrəylik Hərəkatında (İSM) fəal kimi fəaliyyət göstərərək, Fələstin ərazilərindəki zorakılıqları sənədləşdirib
Qeyd edək ki, Ayşenur Ezgi Eygi sentyabrın 6-da, İordan çayının qərb sahilində, Beita qəsəbəsində, İsrail ordusunun snayperinin açdığı atəş nəticəsində başından güllə yarası alaraq həyatını itirmişdi.
Hadisədən sonra Ankara Respublika Baş Prokurorluğu istintaqa başlayıb və Fələstin məhkəmə orqanlarından sübutlar və şahid ifadələri tələb edib.