Bakı, AzerVoice
Türkiyənin Bayraktar TB3 pilotsuz uçuş aparatının (PUA) TCG Anadolu gəmisindən ilk uğurlu uçuş və eniş sınaqları beynəlxalq səviyyədə geniş əks-səda doğurub.
AzerVoice xəbər verir ki, Türkiyənin Bayraktar TB3 pilotsuz uçuş aparatının (PUA) TCG Anadolu amfibiya hücum gəmisindən ilk uçuş və eniş sınaqlarını uğurla tamamlaması, Yunanıstanda müdafiə dairələrinin diqqətini çəkərək müzakirə mövzusuna çevrilib.
Yunanıstanın müdafiə məsələlərinə diqqət yetirən xəbər saytları, bu sınaqları "narahat edici" və "həyəcanverici inkişaf" olaraq dəyərləndirir. TCG Anadolu kimi bir platformadan Bayraktar TB3-lərin istifadəsi Yunanıstan üçün yeni təhlükə potensialı olaraq görülür.
Xəbərlər, TB3-lərin eyni vaxtda qrup halında əməliyyat keçirmə bacarığına diqqət çəkib. Bu, ərazidə dəniz və hava üstünlüyü baxımından strateji bir dəyişiklik yarada biləcək xüsusiyyət kimi dəyərləndirilir.
Yunanıstan mətbuatı, TCG Anadolu-nun dünyanın PUA-lar üçün hazırlanmış ilk təyyarə gəmisi olmasını və ya bu statusa çox yaxın olduğunu vurğulayıb. Bu, Türkiyənin dəniz qüvvələrinin pilotsuz əməliyyat imkanlarını artırma səylərinin bir hissəsi kimi nəzərə alınır.
Xüsusilə, Kiprdə yerləşən Sigmalive xəbər saytı bu sınağı "tarixi hadisə" kimi xarakterizə edib və Bayraktar TB3-ün texnoloji imkanlarını vurğulayıb.
Bayraktar TB3-ün eniş üçün heç bir əlavə dəstək avadanlığı
istifadə etməməsi sınağın ən diqqətçəkən xüsusiyyəti kimi qeyd
olunub.
Xəbərdə Bayraktar TB3-ün uğurlu eniş və qalxışı ilə Türkiyənin PUA
texnologiyasında dünyada bir ilkə imza atdığı ifadə edilib.
Müdafiə xəbərləri yayımında ixtisaslaşmış digər saytlar da Bayraktar TB3-ün bu uğurunu vurğulayaraq, onun yeni nəsil dəniz platformalarına uyğun olaraq hazırlanmasını və TCG Anadolu gəmisinin PUA əməliyyatları üçün unikal bir baza olduğunu qeyd ediblər.
Xüsusi olaraq TCG Anadolu amfibiya hücum gəmisinin Bayraktar TB3-ün əməliyyat qabiliyyətlərini artırdığı və Türkiyənin pilotsuz sistemlərdə qlobal liderliyini gücləndirdiyi bildirilib.
Sınaqlarla bağlı Baykar Texnologiya tərəfindən yayımlanan görüntülər də , testlərin uğurlu şəkildə həyata keçirildiyini göstərir.