Bakı, AzerVoice
Bakıda keçirilən BMT İqlim Sammitində jurnalistlərin suallarını
cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə
bağlı fikirləri dünya mətbuatında böyük marağa səbəb olub.
AzerVoice xəbər verir ki, Ərdoğan, çərşənbə axşamı paytaxt Bakıda keçirilən BMT İqlim Sammitində iştirak edərək, çıxışları və verdiyi açıqlamalarla geniş diqqət çəkib.
Belə ki, ABŞ və Avropa mediasında Ərdoğanın İsrailə dair son açıqlamaları əks-səda doğurub.
"Newsweek" jurnalında dərc olunan "Türkiyə İsraillə əlaqələrini kəsdi" başlıqlı məqalədə Ərdoğanın İsraillə bağlı sərt mövqeyinə diqqət çəkilib.
ABC News isə Prezident Ərdoğanın Suriya ilə normallaşma prosesinə dair müsbət ümidlər bəslədiyini vurğulayaraq, onun “Suriya ilə barışıqdan ümidvarıq” ifadəsini manşetində yerləşdirib.
Böyük Britaniyada fəaliyyət göstərən Middle East Eye də Ərdoğanın “Türkiyə İsraillə bütün əlaqələrini kəsir” ifadəsini manşetə çıxarıb və onun təyyarədə jurnalistlərə verdiyi açıqlamalara geniş yer verib.
Digər Britaniya mərkəzli xəbər platforması Middle East Monitor isə Ərdoğanın “İsrailin Livana təcavüzünün nəticələri fərqli olacaq” xəbərdarlığını vurğulayıb.
İsrailin i24 News kanalı isə Ərdoğanın "Türkiyə sona qədər fələstinlilərin yanında olacaq" açıqlamasına xüsusi diqqət çəkib.
Çin mərkəzli Global Times isə xəbərini “Prezident Ərdoğan
Türkiyənin İsraillə əlaqələrini kəsdiyini açıqladı” başlığı altında
yayımlayaraq, Ərdoğanın İsraillə münasibətlərdəki sərt mövqeyini ön
plana çıxarıb.
Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən xəbər xidməti,
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident İlham
Əliyevi xüsusi diqqətə layiq görərək, onları sammitin ən önəmli
simaları kimi təqdim edib. Sammitdə 50-yə yaxın liderin çıxış
edəcəyi bildirilərkən, bu çıxışların içində ən çox önə çıxanların
Ərdoğan və Prezident İlham Əliyev olduğu xüsusi olaraq
vurğulanıb.