BAKI, AzerVoice
Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə görüş keçirib.
AzerVoice xəbər verir ki, Tokayev, iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.
“Təbii qaz və nəqliyyat-logistika sahələrində strateji layihələr üzrə planlarımız var. Bu layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək” – deyə Tokayev vurğulayıb.
Tokayev həmçinin Berdiməhəmmədovu BMT tərəfindən elan olunmuş “Beynəlxalq Sülh və Etimad İli” münasibətilə təbrik edərək, bu təşəbbüsün Türkmənistanın beynəlxalq nüfuzunu təsdiqlədiyini qeyd edib.
Berdiməhəmmədov da öz növbəsində iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gələcəyinin geniş olduğunu söyləyib.
Görüş çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub. Tərəflər yaxın illərdə iki ölkə arasında mal dövriyyəsini 1 milyard dollara çatdırmaq məqsədilə birgə tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
Tokayev Turqundi–Herat–Kandahar–Spin-Buldak dəmir yolu layihəsinin potensialını yüksək qiymətləndirərək, bu layihənin həyata keçirilməsinin nəqliyyat marşrutlarının şaxələndirilməsinə və ixrac bazarlarının genişlənməsinə töhfə verəcəyini qeyd edib. O, həmçinin Qazaxıstan–Türkmənistan–İran dəmir yolu və hazırda inşa edilən Türkmənbaşı–Qaraboğaz–Qazaxıstan sərhədi avtomobil yolunun bu prosesdə əsas rol oynayacağını vurğulayıb.