BAKI,AzerVoice
Turizm Həftəsi münasibətilə Aşqabadda Türkiyə Fotoşəkilləri Sərgisi açılıb və Türk turizmi tanıdılıb.
AzerVoice xəbər verir ki, Aşqabad səfiri Ahmet Demirokun ev sahibliyi ilə keçirilən Turizm Həftəsi tədbirinə Türkmənistanda fəaliyyət göstərən bir çox xarici ölkələrin səfirləri, Türk Hava Yollarının Türkmənistan nümayəndəsi, Türkmənistandakı beynəlxalq təşkilatların və səyahət agentliklərinin rəhbərləri, eləcə də media nümayəndələri qatılıblar.
Demirok Türkiyənin dünyada ən çox ziyarət edilən ölkələrdən biri olduğunu bildirib və türkmən xalqının Türkiyəyə marağının son dövrlərdə daha da artdığını vurğulayıb.
O, Türkiyənin turizm sektorundakı uğurları barədə ətraflı məlumat verib.
Turizm sektorunda qarşılıqlı aviareyslərin böyük əhəmiyyət daşıdığını qeyd edən Demirok, Türk Hava Yollarının 1 aprel 2025-ci ildən etibarən Aşqabada olan uçuş tezliyini həftədə 11-dən 14-ə yüksəltdiyini, 10 iyun tarixində isə bu sayın 17-yə çatacağını bildirib. Türkmənistan Hava Yolları isə hazırda Aşqabad ilə İstanbul arasında həftədə 10 reys həyata keçirir.
Türkiyənin turizm imkanlarını tanıtmaq məqsədilə müxtəlif tədbirlərin təşkil olunduğunu bildirən Demirok, 2024-cü ildə Türkmənistandan 7 jurnalist və 9 turizm agentliyi nümayəndəsinin Türkiyənin turistik bölgələrini ziyarət etdiyini qeyd edib.
O əlavə edib ki, 2025-ci ilin may ayında 11 jurnalist və 11 turizm agentliyi nümayəndəsindən ibarət 22 nəfərlik qrup Türkiyənin Trabzon və Rize bölgələrinə səfər edəcək.
Tədbirdə Türkmənistanı təmsil edən Mədəniyyət nazirinin müavini Nursahet Şirimov isə Türkiyə Cümhuriyyəti ilə mədəni və turizm əməkdaşlığının inkişafına xüsusi önəm verildiyini bildirib.
O, həmçinin qeyd edib ki, Türkmənistan və Türkiyə nümayəndə heyətləri hər iki ölkə tərəfindən təşkil olunan mədəni və turizm tədbirlərində fəal iştirak edir və bu il Türkmən nümayəndə heyətləri də Türkiyəyə bənzər səfərlər edəcək.



