Əsas səhifə » Qırğızıstan və Özbəkistan sərhədində azad ticarət zonaları yaradılacaq

Qırğızıstan və Özbəkistan sərhədində azad ticarət zonaları yaradılacaq

BAKI,AzerVoice

Özbəkistan, Qırğızıstanla sərhəddə ticarət və sənaye yönümlü azad zonalar yaratmağı planlaşdırır.

AzerVoice xəbər verir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu fikrini dünən Andican vilayətində keçirilən iclas zamanı bildirib.

Mirziyoyevin sözlərinə görə, hər il Andican vilayətindən Qırğızıstana təxminən 200 milyon dollar dəyərində məhsul ixrac olunur. Bu axını daha da artırmaq məqsədilə Özbəkistan sərhədə yaxın bölgələrdə – Qorqan-Töbə və ya Xocə-Əbəd rayonlarından birində azad ticarət və sənaye zonaları yaratmağı təklif edir.

Mirziyoyev bu təşəbbüsün sahibkarlarla məsləhətləşmə yolu ilə həyata keçiriləcəyini qeyd edərək, uyğun ərazinin seçilməsi və layihənin əsas planının hazırlanması barədə tapşırıq verib.

O, həmçinin bu zonanın Əfqanıstanla sərhəddə yaradılmış azad zonalar nümunəsində təşkil oluna biləcəyini əlavə edib.

Müşahidəçilərin fikrincə, bu layihə iki ölkə arasındakı ticarət əlaqələrinin daha yüksək səviyyəyə qalxmasına şərait yaradacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice