BAKI, AzerVoice
Aprelin 14-də Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin aparıcı analitik mərkəzlərinin iştirakı ilə “TDT-yə üzv dövlətlər arasında ticarət imkanlarının genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
AzerVoice xəbər verir ki, konfransın məqsədi ticarət maneələrinin aradan qaldırılması, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal ticarətin inkişaf etdirilməsi üzrə strategiyaların hazırlanmasıdır.
Tədbirdə üzv ölkələr arasında ticarətin genişləndirilməsi, investisiyaların cəlbi və qlobal iqtisadiyyata inteqrasiyanın yeni imkanları müzakirə olunacaq.
Konfrans dörd sessiyadan ibarət olacaq: “Ticarətin mövcud vəziyyəti və istifadə olunmayan imkanlar”, “Rəqəmsal ticarət”, “Regional inteqrasiya” və “Yaşıl iqtisadiyyat”.
Tədbir Özbəkistanın İqtisadi İslahatların Tədqiqi Mərkəzi və TDT Katibliyinin təşkilatçılığı ilə, Prezident Şavkat Mirziyoyevin təşəbbüsü əsasında keçiriləcək.