Əsas səhifə » Türkmənistan Qırğızıstana elektrik enerjisi ixracını davam etdirəcək

Türkmənistan Qırğızıstana elektrik enerjisi ixracını davam etdirəcək

BAKI,AzerVoice

Qırğızıstan 2026-cı ilə qədər Türkmənistandan elektrik enerjisi almaq üçün yeni müqavilə imzalayıb.

AzerVoice xəbər verir ki, bu barədə Qırğızıstanın energetika naziri Taalaibek İbrayev məlumat verib.

İbrayev bildirib ki, sözügedən müqavilə Qırğızıstanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaq. Hazırda ölkə enerji tələbatının bir hissəsini xarici mənbələrdən idxal etməklə qarşılayır. Türkmənistan bu baxımdan strateji tərəfdaşlardan biri olaraq illərdir Qırğızıstana sabit şəkildə elektrik enerjisi tədarük edir.

Taalaibek İbrayev qeyd edib ki, Türkmənistanla yanaşı, Rusiya, Qazaxıstan və Özbəkistanla da enerji sahəsində əməkdaşlıq mövcuddur və hazırda bu ölkələrlə yeni müqavilələrin bağlanması istiqamətində danışıqlar aparılır.

Onun sözlərinə görə, 2025-ci il üçün artıq bu dövlətlərlə elektrik enerjisi tədarükünə dair müqavilələr imzalanıb və texniki hazırlıq işləri davam etdirilir.

Qeyd edək ki, Türkmənistan artıq bir neçə ildir ki, Qırğızıstana elektrik enerjisi ixrac edir və bu əməkdaşlıq hər iki ölkə üçün faydalı hesab olunur. Türkmən tərəfi bu ixracı regional enerji bazarında təsir imkanlarının genişlənməsi baxımından strateji addım kimi qiymətləndirir.

Qırğız hökuməti isə bölgədə enerji balansını qorumaq və mümkün enerji çatışmazlıqlarının qarşısını almaq məqsədilə alternativ mənbələrlə əməkdaşlığa davam etmək niyyətindədir.

Digər Kateqoriyalar

2025 © Azervoice