BAKI,AzerVoice
Qırğızıstan və Özbəkistan tibbi avadanlıqların birgə istehsalına dair yeni layihəyə start verməyə hazırlaşır.
AzerVoice xəbər verir ki, bu barədə məlumatı Özbəkistanın Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi yayıb.
Agentliyin yaydığı açıqlamaya görə, layihə Özbəkistan Səhiyyə Nazirliyinin Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi ilə Özbək-Qırğız İnkişaf Fondunun (UQİF) nümayəndələri arasında keçirilən görüş zamanı müzakirə edilib.
İstehsalat prosesi “Sanrayd” şirkəti tərəfindən təşkil ediləcək. Şirkət tibbi avadanlıq istehsalı sahəsində ixtisaslaşmış müəssisə kimi tanınır. Məhsulların əsas istehlakçılarının Qırğızıstandakı tibb müəssisələri – xəstəxana və poliklinikalar olacağı gözlənilir.
Özbək-Qırğız İnkişaf Fondu layihənin maliyyələşdirilməsi və investisiyaların cəlb olunması istiqamətində dəstək göstərəcək. Fond həmçinin layihənin həyata keçirilməsi üçün texniki və iqtisadi məsləhət xidməti təqdim edəcək.
Qurumun açıqlamasında qeyd olunub ki, hazırda Qırğızıstan və Özbəkistan səhiyyə sahəsində 14 birgə layihəni uğurla icra edir. Yeni layihənin isə iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyi bildirilir.