Bakı, AzerVoice
Qırğızıstan Prezidenti Sadır Çaparov “Baykar Technology” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktara “Qırğızıstan Dank Dövlət Mükafatı” verib.
AzerVoice xəbər verir ki, Baykar şirkəti tərəfindən verilən açıqlamada Selçuk Bayraktarın Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Süni İntellekt Forumunda fəxri qonaq qismində iştirak etdiyi bildirilib.
Bayraktar forumda süni intellekt texnologiyalarının gələcəyi və türk dövlətləri arasında əməkdaşlıq haqqında çıxış edib.
Bayraktar və Çaparov arasında keçirilən görüşdə hərbi və texnoloji əməkdaşlığın dərinləşdirilməsi və müdafiə layihələrinin həyata keçirilməsi müzakirə olunub. Görüşdə Baykar Technology-nin töhfələrinin Qırğızıstanın müdafiə sənayesində böyük fərq yaradacağı vurğulanıb.
Dövlət mükafatı ilə təltif olunduğu üçün böyük qürur hissi keçirdiyini bildirən Bayraktar, "Qonaqpərvərliyə və iki ölkə arasında dostluğun möhkəmləndirilməsi istiqamətində göstərdikləri səylərə görə onlara ürəkdən təşəkkür edirəm. Türk dünyası gələcəyə doğru inamlı addımlar atır ” deyib.
Bayraktar Çaparova qanadlarında Qırğızıstanın “Manas” dastanından önəmli bölümlərin əks olunduğu Akıncı pilotsuz uçuş aparatının maketini hədiyyə edib.