BAKI, AzerVoice
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 7 aprel tarixində Parlamentlərarası İttifaqın 150-ci yubiley Assambleyası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AzerVoice xəbər verir ki, görüşün əvvəlində TBMM sədri Numan Kurtulmuş Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını və xoş arzularını Özbəkistan liderinə çatdırıb.
Görüş zamanı iki ölkə arasında dostluq və hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin və investisiyaların artdığını, uğurlu birgə layihələrin və müəssisələrin sayının çoxaldığını, həmçinin birbaşa uçuşların sayının artmasını məmnunluqla qeyd ediblər.
Bildirilib ki, Özbəkistan və Türkiyə xalqları arasında yaxınlaşmanı təmin edən bir sıra mühüm mədəni tədbirlər də həyata keçirilir.
Görüşdə, həmçinin parlamentlərarası əlaqələrin genişləndirilməsi, Özbəkistan–Türkiyə əməkdaşlığının yeni gündəliyinin formalaşdırılması, regionlararası münasibətlərin fəallaşdırılması və yüksək səviyyəli razılaşmaların icrasına nəzarətdə dostluq qruplarının roluna xüsusi diqqət yetirilib.