Əsas səhifə » Kaya Kallas mərkəzi Asiya ölkələrinə səfər edəcək

Kaya Kallas mərkəzi Asiya ölkələrinə səfər edəcək

Bakı, AzerVoice

Avropa İttifaqının Xarici işlər siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Türkmənistan, Özbəkistan və Qazaxıstana səfər edəcək.

AzerVoice xəbər verir ki, bu barədə Aİ-nin Qazaxıstandakı nümayəndəliyi məlumat yayıb.

Aİ-nin məlumatında qeyd edilir ki, Kaya Kallas sabah Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək “Avropa İttifaqı – Mərkəzi Asiya” formatında 20-ci nazirlər görüşünə sədrlik edəcək. Görüşə Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Qazaxıstan da qatılacaq.

Bu görüş həm də 3–4 aprel tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək ilk Aİ–Mərkəzi Asiya Sammitinə hazırlıq xarakteri daşıyır. Tərəflər arasında Rusiya-Ukrayna müharibəsinin regional nəticələri, nəqliyyat və rəqəmsal əlaqə, strateji xammal, enerji və su resursları, ticarət, insanlararası təmaslar, təhsil və elmi araşdırmalar kimi bir sıra mövzularda müzakirələr aparılacaq.

Görüş ərəfəsində Kallas, Türkmənistanın xarici işlər naziri Raşid Meredov və Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin, eləcə də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə ikitərəfli formatda danışıqlar aparacaq.

Nazirlər görüşündən sonra isə Kaya Kallasın iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Daha sonra Kallas Özbəkistanın paytaxtı Daşkəndə səfər edəcək, burada ölkənin xarici işlər naziri Baxtiyor Saidov və prezident Şavkat Mirziyoyev ilə görüşəcək. Ardınca, martın 28-də Qazaxıstanın Almatı şəhərinə gedərək Qazaxıstan xarici işlər naziri Murat Nurtleu və prezident Qasım-Jomart Tokayevlə görüşlər keçirəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice