Bakı,AzerVoice
Monqolustanın Arxangay bölgəsində yerləşən və Göytürklər dövrünə
aid edilən Nomqon-2 Memorial Kompleksi İkinci Türk Xaqanlığının
qurucusu İlteriş Qutluq Kağanın şərəfinə tikilib.
AzerVoice xəbər verir ki, bu tarixi
kompleksi təsdiqləyən məlumatlar Türk Akademiyası və Monqolustan
Elmlər Akademiyası tərəfindən aparılan arxeoloji qazıntılar
nəticəsində əldə olunub.
2019-cu ildən başlayan qazıntılar zamanı Nomqon vadisində aparılan araşdırmalarda Bilge Kağan və Kül Tigin abidələrinin yanında onların atası İlteriş Qutluq Kağana aid kompleksin qalıqları da aşkar edilib.
2022-ci ildə tapılan kitabənin yuxarı hissəsi üzərində aparılan
tədqiqat nəticəsində Göytürk xətti ilə həkk edilmiş 12 sətirlik
mətn deşifrə olunub. Bu mətnin əsas hissəsində “Qutluq Kağan” və
“Tanrı oğlu Kağan Türk” ifadələri yer alıb. Kitabənin bəzi
hissələrində isə Soğd dilində yazılmış mətnlər də aşkar edilib.
2023-cü ildə kitabənin aşağı hissəsinin qalıqları tapılıb. Aşağı hissədə ümumilikdə 15 sətirlik mətn olduğu qeyd edilib. Kitabənin Göytürk yazısı ilə yazılmış alt hissəsinin zədələnmiş olduğu, lakin mətnin arxasında Çin heroqlifləri ilə yazılmış sözlərin qismən qorunduğu bildirilib. Bu mətn yuxarıdan aşağıya doğru yazılmış və sətirlər sağdan sola düzülüb.
Bəzi oxunan sətirlər belədir:
3-cü sətir: “...sol...bitiqtaş abidəsi...”
4-cü sətir: “...Türk...Qutluq...”
5-ci sətir: “...mərasim...seçilmiş...”
6-cı sətir: “...əsgər...soruş...”
7-ci sətir: “...doldurmaq...əlavə etmək...iş...ev...”
8-ci sətir: “...tövbə etmək...”
Açıqlamada kitabənin 4-cü sətirində “Türk” adının və “Qutluq” başlığının yer alması xüsusi vurğulanıb.
Kitabədəki Çin heroqliflərinin tam deşifrə edilməsi üçün araşdırmalara Daxili Monqolustan Universiteti də qoşulub. Qazıntılar Türk Akademiyası ilə Monqolustan Elmlər Akademiyası arasında əməkdaşlıq çərçivəsində Nomqon vadisində davam edir.
Nomqon-2 Kompleksində tapılan kitabə Göytürk dövrünün ən qədim
yazılı mətnlərindən biri hesab edilir. Bu kitabədə ilk dəfə “türk”
adı çəkilib və həmin dövrün siyasi və sosial həyatına dair mühüm
məlumatlar yer alır.
Nomqon-2 kitabəsi isə bu ənənənin daha əvvəlki dövrlərə aid olduğunu göstərir və İkinci Türk Xaqanlığı dövründə İlteriş Qutluq Kağanın adını və dövrünü əks etdirir. Bu abidə həm də Göytürk yazı sisteminin inkişaf mərhələləri haqqında yeni məlumatlar verir.
Türk Akademiyasının açıqlamasına görə, Nomqon vadisində qazıntı işləri davam etdiriləcək və yeni tapıntılar bu dövrün daha dərindən öyrənilməsinə imkan verəcək.