BAKI, AzerVoice
Suriya lideri ABŞ-a sanksiyalara dair çağırış edib.
AzerVoice xəbər verir ki, Suriya
Prezidenti Əhməd əl Şəraa “The New York Times” qəzetinə verdiyi
müsahibədə ölkəsinə qarşı tətbiq edilən sanksiyaların ləğvini tələb
edib və ABŞ administrasiyasına dialoqa açıq olduqlarını
bildirib.
Prezident Şəraa bəyan edib ki, sanksiyaların ləğvi müqabilində ABŞ-ın irəli sürdüyü bəzi şərtlər müzakirə oluna bilər, lakin keçmiş rejimin cinayətlərinin bu günkü Suriya rəhbərliyinə aid edilməsinin ədalətsiz olduğunu vurğulayıb.
“Suriyanın ərazisinin heç vaxt xarici ölkələrə qarşı təhdid məqsədilə istifadə edilməsinə imkan verilməyib”, – deyə Prezident bildirib. O, sahil bölgəsində sülh və sabitliyin qorunmasına sadiq olduqlarını qeyd edərək, zorakılıqlara görə məsul olanların cavablandırılacağını əlavə edib.
Ölkədə ordu sisteminin yenidən qurulması işlərinin davam etdiyini deyən Şəraa, Rusiya istehsalı olan silahların əvəzlənməsi üçün yeni təkliflər almadıqlarını da açıqlayıb.
Qeyd edək ki, ABŞ və bəzi Qərb ölkələri Suriya hökumətinə qarşı uzun illərdir iqtisadi və diplomatik sanksiyalar tətbiq edir. Bu sanksiyalar humanitar böhranın dərinləşməsinə səbəb olmaqla yanaşı, ölkənin iqtisadi dirçəlişinə də ciddi təsir göstərib.