BAKI, AzerVoice
Suriyada, ölkənin sabiq prezidenti Bəşşar Əsəd dövründə Hərbi Hava Qüvvələrinin kəşfiyyatında zabit kimi xidmət edən Süleyman ət-Teynəvi saxlanılıb.
AzerVoice xəbər verir ki, nazirliyin məlumatına görə, o, Livandakı "Hizbullah" hərəkatı ilə əlaqələrin koordinasiyasına cavabdeh olub.
Ət-Teynəvi "Hizbullah" liderləri və Suriyadakı bir sıra silahlı qruplar arasında əlaqələndirici rol oynayıb və onlara dəstək göstərilməsinə yardım edib. Keçid hökumətinin versiyasına görə, o, həmçinin mülki əhaliyə qarşı hərbi cinayətlərdə iştirak edib.
Nazirlik bildirib ki, istintaqın başa çatdırılması, eləcə də məhkəmə prosedurlarının davam etdirilməsi planlaşdırılır.
Xatırladaq ki, Suriyada yeni administrasiya hakimiyyətə gəldikdən sonra əvvəlki hökumət dövründə cinayətlərə qarışan bütün şəxsləri məsuliyyətə cəlb edəcəyini vəd etmişdi. Bu çərçivədə fevral ayında sabiq prezident Bəşşar Əsədin qohumu olan və Dəraa vilayətində Siyasi Təhlükəsizlik İdarəsinin rəhbəri vəzifəsini tutmuş Aatef Nəcib də saxlanılmışdı. Habelə 2011–2018-ci illərdə Suriya daxili işlər naziri vəzifəsində çalışmış Məhəmməd əş-Şaar özü könüllü şəkildə yeni hakimiyyətə təslim olmuş və onlarla əməkdaşlığa hazır olduğunu bildirmişdi.