Əsas səhifə » Şəraa və Ərdoğan terror və regional əməkdaşlığı müzakirə edəcək

Şəraa və Ərdoğan terror və regional əməkdaşlığı müzakirə edəcək

BAKI, AzerVoice

Suriya Prezidenti Əhməd Şəraa yaxın günlərdə Türkiyəyə ikinci rəsmi səfərini həyata keçirəcək.

AzerVoice xəbər verir ki, Suriya Prezidenti Əhməd Şəraa gələn həftə Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Səfərin dəqiq tarixi hələ açıqlanmasa da, yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı gözlənilir. Bu, Prezident Şəraa ilə Prezident Rəcəb Tayyib Ərdoğanın fevralın 4-də baş tutan ilk görüşündən sonra ikinci rəsmi təmas olacaq. Həmin görüşdə tərəflər ortaq mətbuat konfransı keçirərək, bölgədə “terrorsuz bir iqlim” qurulmasının vacibliyini qeyd etmişdilər.

Fevral ayında Türkiyəyə etdiyi ilk səfəri zamanı Prezident Şəraa Ankarada rəsmi qarşılanma mərasimində iştirak etmiş, daha sonra Prezident Ərdoğanla təxminən üç saat davam edən ikitərəfli görüş keçirmişdi. Görüşdən sonra keçirilən ortaq çıxışda Ərdoğan bölgədə yeni səhifənin açıldığını bəyan edərək, Suriyaya dəstəyin davam edəcəyini vurğulamışdı. Prezident Şəraa da çıxışında Suriya xalqının Türkiyənin yardımını heç vaxt unutmayacağını bildirmişdi.

Qeyd edək ki, qarşıdan gələn səfər regional sabitlik və Ankara-Dəməşq münasibətlərinin normallaşması baxımından önəmli əhəmiyyət kəsb edir. Səfər zamanı regional təhlükəsizlik, sərhəd əməkdaşlığı və humanitar məsələlərin gündəmə gələcəyi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice