Əsas səhifə » İsrail ordusu Suriyanın cənubundakı hərbi obyektlərə hava hücumu edib

İsrail ordusu Suriyanın cənubundakı hərbi obyektlərə hava hücumu edib

Bakı, AzerVoice

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda yerləşən hərbi obyektlər, hava kəşfiyyatı üçün istifadə edilən radar sistemləri və avadanlıqlara hava zərbələri endirib.

AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun verdiyi bəyanatda deyilir.

Bəyanatda bildirib ki, bu obyektlərin Suriyanın cənubunda mövcudluğu İsrail Dövlətinə təhlükə yaradır. Gələcəkdə yaranacaq təhlükələri aradan qaldırmaq üçün bu hədəflərə zərbələr endirilib.

Müşahidəçilərin məlumatına görə, İsrail qırıcıları Suriyanın cənubundakı Dəraa vilayətinə hava hücumları həyata keçirib. Hücumlar keçmiş prezident Bəşşar Əsəd rejiminə bağlı olan mövqelərə yönəlib.

Suriya İnsan Haqları Müşahidə Mərkəzinin (SOHR) məlumatına görə, İsrail qırıcıları ümumilikdə 17 hava zərbəsi endirib. Hazırda hücum nəticəsində ölən və ya yaralananlarla bağlı məlumat yoxdur.

Qeyd edək ki, ötən ilin dekabr ayında Suriyada Əsəd rejiminin devrilməsindən sonra İsrail Suriyada yüzlərlə hava hücumu həyata keçirib.

Ötən həftə Suriyanın qərbində keçmiş rejim tərəfdarları ilə yeni hökumət qüvvələri arasında toqquşmalar baş verib. Toqquşmalar zamanı mülki itkilərin olduğu bildirilib. Hökumət tam ələ keçirdiyini bildirib və günahkarların cəzalandırılacağını vəd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice