Əsas səhifə » Ərəb Liqası Suriyaya edilən xarici müdaxiləni pisləyir

Ərəb Liqası Suriyaya edilən xarici müdaxiləni pisləyir

Bakı, AzerVoice

Ərəb Dövlətləri Liqası Suriyanın daxili işlərinə xarici müdaxiləni və hökumət təhlükəsizlik qüvvələrinə edilən hücumları pisləyib.

AzerVoice xəbər verir ki, bu haqda Ərəb Liqasının Baş Katibliyinin verdiyi bəyanatda deyilir.

"Ərəb Liqası, Suriyanın daxili işlərində sabitliyi pozmaq məqsədilə edilən xarici müdaxilə cəhdlərini, həmçinin hökumət təhlükəsizlik qüvvələrinə qarşı zorakı hücumları qınayır" – deyə bəyanatda qeyd olunub.

Ərəb liqası rəhbərliyi, Suriyanin dənizkənarı əyalətlərində son günlər baş verən hadisələri böyük narahatlıqla izlədiyini və Dəməşq hökumətini, dövlətin bərpası üçün mövcud fürsəti itirməmək üçün tədbirlər görməyə çağırdığını bildirib.

Qeyd edək ki, 2 gündür ki Suriyanın Latakiya, Tartus və Hums əyalətlərində təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədin tərəfdarlarının arasında toqquşmalar baş verir.

Ən şiddətli qarşıdurmalar, Bəşər Əsədin ailəsinin mənsub olduğu dini azlığın – ələvilərin yaşadığı Cəbələ şəhərində qeydə alınıb.

Suriya hökuməti vəziyyəti nəzarətə almaq üçün bu üç əyalətə ordu hissələri və zirehli texnika göndərib, əsas şəhərlərdə komendant saatı elan edilib.

Suriya Müdafiə Nazirliyi cümə günü açıqlama verərək sahil ərazilərində nəzarətin bərpa edildiyini bildirib. İki gündür davam edən bu qarşıdurmalar, ötən ilin dekabr ayında Suriya hakimiyyətində dəyişiklik baş verəndən bəri keçid hökumətinin qarşılaşdığı ən ciddi təhlükə kimi qiymətləndirilir.

Dünən, Suriyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Anas Həsən Xattab, Latakiya və Tartusdakı hücumların keçmiş hərbi və təhlükəsizlik rəhbərləri tərəfindən təşkil edildiyini bəyan edib.

Xattabın sözlərinə görə, bu şəxslər Suriya xaricindəki bəzi dairələrin təlimatları ilə hərəkət edirlər və hazırkı hadisələr ölkənin sabitliyini pozmağa yönəlmiş planın tərkib hissəsidir.

Digər Kateqoriyalar

2025 © Azervoice