Bakı,
AzerVoice
Suriya Prezidenti Əhməd Əl-Şaraa ölkəsinə qarşı tətbiq edilən
sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayıb.
AzerVoice xəbər verir ki, Prezident
Şaraa Dəməşqdə verdiyi müsahibədə beynəlxalq sanksiyaların ölkənin
bərpasına və iqtisadi inkişafına ciddi maneə yaratdığını qeyd
edib.
O əlavə edib ki, Suriya uzun illər davam edən münaqişədən sonra
çətin vəziyyətdədir və iqtisadiyyatın yenidən qurulması üçün xarici
investisiyalara və əməkdaşlığa ehtiyac var.
Fələstin məsələsinə toxunan Şaraa, Fələstin xalqının torpaqlarını tərk etməməkdə israrlı olduğunu vurğulayaraq, "Heç bir güc insanları öz torpaqlarından köçürməyə məcbur edə bilməz. Tarix boyu buna cəhd edilib, lakin heç biri uğur qazanmayıb, xüsusilə də son Qəzza münaqişəsində"- deyə bildirib.
Beynəlxalq siyasətlə bağlı fikirlərini bölüşən Şaraa, ABŞ Prezidenti Donald Trampın bölgədə sabitlik yaratmaqla maraqlandığını və bunun müəyyən mənada ümidverici bir addım ola biləcəyini qeyd edib. O, Trampın Rusiya və Ukrayna arasındakı münaqişənin həllində də mühüm rol oynaya biləcəyinə diqqət çəkib.
Suriyaya qarşı sanksiyalarla bağlı fikirlərini bölüşən Şaraa bildirib ki, bu sanksiyalar ölkənin inkişafına və əhalinin rifahına ciddi maneələr törədir.
Ölkədə sabitliyin təmin olunmasının iqtisadi inkişafdan asılı olduğunu bildirən Şaraa , "İqtisadi inkişaf olmadan sabitlik mümkün deyil. Sabitlik olmadıqda isə xaos və qeyri-müəyyənlik artır. Bütün bu problemlər bir-biri ilə sıx bağlıdır və kompleks şəkildə həll olunmalıdır." - deyə qeyd edib.