Bakı, AzerVoice
Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) tərəfindən əldə
edilən gizli sənəddə, Suriya Hava Yolları vasitəsilə Moskvaya külli
miqdarda pul köçürmələri həyata keçirildiyi açıqlanıb.
AzerVoice xəbər verir ki, SOHR
direktoru Rami Əbdürrəhman bildirib ki, bu pulun qaçaqmalçılıq yolu
ilə aparıldığı sonuncu uçuş Suriyanın devrilmiş lideri Bəşər Əsədin
keçən dekabrın Moskvaya qaçmasından cəmi 4 gün əvvəl baş verib.
Bu əməliyyatlar, Captagon istehsalına qoyulan investisiyalarla
əlaqələndirilir.
Sənəddə göstərilir ki, 2020-ci ilin sonlarından 2024-cü ilin
ortalarına qədər həftədə bir dəfə həyata keçirilən uçuşlarda, hər
biri 20 milyon dollar dəyərində olan pullarla dolu çantalar Vnukovo
hava limanına göndərilib.
Belə ki, məxfi əməliyyat Hava Qüvvələri Kəşfiyyatının
nəzarətində olub və pullar Suriya Mərkəzi Bankından qorunan
avtomobillərlə daşınaraq təyyarələrə yüklənib.
Sənəddə əməliyyatın detallarına dair rəsmi kitablar və müxtəlif
qeydlər də mövcuddur. Bu çantalar, ciddi təhlükəsizlik tədbirləri
ilə daşıyılıb və heç bir əməkdaşın, sərnişinin bu əməliyyat
haqqında məlumatı olmayıb.
Həmçinin, rejimin maliyyə işlərinə rəhbərlik edən Bəşər Əsədin
əmisi Məhəmməd Maxluf, bu köçürmələrə nəzarət edərək, Moskvanın
elit bölgələrində, o cümlədən “Moskva-Siti”də 20-dən çox bahalı
mənzil alıb. Maxluf, rejimin maliyyə işlərini Moskvadan izləyir və
yüksək təhlükəsizlik tədbirləri ilə mühafizə olunur.
Məlumatları adının açıqlanmasını istəməyən, ancaq birbaşa əlaqəsi
olan şahidlərin bildirdiyini vurğulayan mənbə, Rusiya və Belarusda
qurulan şirkətlərə küllü miqdarda çirkli pulların yatırıldığını,
əmlak və mağazaların alındığını da bildirib.