Əsas səhifə » Mənbicdə bomba yüklü avtomobillə hücum olub

Mənbicdə bomba yüklü avtomobillə hücum olub

Bakı, AzerVoice

Suriyanın şimal-şərqində yerləşən Mənbic şəhərində bomba yüklü avtomobilin partlaması nəticəsində maddi ziyan qeydə alınıb.

AzerVoice xəbər verir ki, dünən axşam saatlarında baş verən bu hücumda insan tələfatı olmayıb və partlayışa görə məsuliyyəti hələ heç bir tərəf üzərinə götürməyib.

Ağ Dəbilqəlilərin açıqlamasına görə, partlayış şəhərin mərkəzində, Əl Seraya yaxınlığındakı Böyük Məscidin qarşısında baş verib. Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) isə hücumun son günlərdə Mənbicdə baş verən ikinci belə hadisə olduğunu bildirib. Dekabrın 24-də Mənbicdə bir avtomobilə yerləşdirilmiş partlayıcı qurğu nəticəsində iki nəfərin öldüyü qeyd edilib.

Qeyd edək ki, Mənbic əvvəllər kürd qüvvələrinin nəzarətində idi, lakin son həftələrdə Türkiyəyönlü silahlı qruplar şəhəri ələ keçirib. Noyabr ayından etibarən kürd döyüşçülər strateji əhəmiyyətə malik Təl-Rifat və Mənbic kimi bölgələrdə Türkiyəyönlü qrupların hücumlarına qarşı müqavimət göstərir.

Dekabrın əvvəlində isə Suriyanın şimalından Heyət Təhrir əl-Şam qruplaşmasının başlatdığı hücumlar nəticəsində ölkədə siyasi sabitlik ciddi şəkildə pozulub, vətəndaş müharibəsinin gedişatını dəyişdirən hadisələr baş verib. Bu hücumlar nəticəsində dekabrın 8-də Dəməşqə daxil olunub və 24 il ərzində ölkəni idarə edən Bəşər Əsəd hakimiyyətdən uzaqlaşdırılıb.

Digər Kateqoriyalar

2024 © Azervoice