Bakı, AzerVoice
BMT müfəttişləri Suriyada sübut toplamağa icazə istəyir
AzerVoice xəbər verir ki, Birləşmiş
Millətlər Təşkilatının (BMT) Suriya üzrə müfəttişlərinin rəhbəri
Robert Botti, ölkədə törədilən cinayətlərə dair sübutların
toplanması üçün yeni hakimiyyət orqanlarından icazə istədiklərini
bəyan edib.
2016-cı ildə BMT Baş Assambleyasının yaratdığı Beynəlxalq, Qərəzsiz
və Müstəqil Mexanizm, Suriyada müharibənin başladığı 2011-ci ildən
bəri beynəlxalq hüquq çərçivəsində törədilmiş cinayətlərin
araşdırılması və məsul şəxslərin mühakimə olunması üçün
çalışır.
Robert Botti bildirib ki, təşkilatın komandası Suriyaya gedərək
sahə işlərinə başlamaq üçün icazə istəyib və cavab gözləyir. O
əlavə edib ki, “hər bir təhlükəsizlik mərkəzində yüzlərlə həbsxana
sənədləşdirilib və hər bir həbsxananın kütləvi məzarlığı var”.
Cenevrə qərargahlı bu təşkilatın topladığı sübutlar son illərdə 16
ölkədə – əsasən Belçika, Fransa, İsveç və Slovakiyada aparılan
təxminən 230 araşdırmada istifadə edilib.
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, 2011-ci
ildən bəri keçmiş Suriya hökumətinin həbsxanalarında 100 mindən çox
insan həyatını itirib. Botti deyir ki, “mühakimə üçün kifayət qədər
sübut var, lakin proses geniş koordinasiya tələb edir”.
Qeyd edək ki, Dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsindən
sonra həbsxanalarda tapılan sənədlər və digər sübutlar yeni
narahatlıqlar yaradıb.