Bakı,
AzerVoice
Böyük Britaniyanın baş naziri Keir Starmer, Suriyada hakimiyyətə
gəlmiş müxalifət qruplaşması Heyət Təhrir əl-Şamla diplomatik
əlaqələri müdafiə edərək, ölkənin yeni liderləri ilə dialoqun
əhəmiyyətini vurğulayıb.
AzerVoice xəbər verir ki, o, Əsəd
rejiminin devrilməsinin "müsbət bir hadisə" olduğunu qeyd etsə də,
gələcəkdə daha yaxşı bir idarəçilik modelinə keçid üçün ehtiyatlı
və düşünülmüş addımların vacibliyini qeyd edib.
Mühafizəkarlar Partiyasının bəzi üzvləri Britaniyanın Heyət Təhrir əl-Şam ilə əlaqələrinin qruplaşmaya legitimlik qazandıra biləcəyi barədə narahatlıq ifadə ediblər. Bu həftə Britaniya rəsmilərinin Dəməşqdə HTŞ lideri Əhməd əl-Şara ilə görüşməsi beynəlxalq aləmdə diqqətlə izlənilib.
Keir Starmer isə parlamentin Əlaqələr Komitəsində deputatların suallarına cavab verərkən, Suriya məsələsində sürətli dəyişikliklərin baş verdiyini və bu vəziyyətin "təhlükəli səhvlərdən qaçmaq üçün hərtərəfli yanaşma tələb etdiyini" söyləyib. O, növbəti mərhələnin daha yaxşı olacağını fərz etməyin təhlükəli ola biləcəyini əlavə edib.
Qeyd edək ki, hazırda müxalifət qruplaşmasının lideri Məhəmməd əl-Bəşir müvəqqəti hökumətin başçısı kimi fəaliyyət göstərir və bu hökumətin gələcəkdə beynəlxalq arenada necə qəbul ediləcəyi hələ də açıq sual olaraq qalır. Britaniyanın bu yanaşması, həm Suriyada sabitlik, həm də beynəlxalq səviyyədə bu məsələyə dair konsensus üçün mühüm rol oynaya bilər.