Bakı, AzerVoice
Suriyada artan gərginlik qonşu ölkələrdə ciddi narahatlığa səbəb
olub.
AzerVoice xəbər verir ki, ABŞ, Fransa, Almaniya və Böyük Britaniya dünən birgə bəyanat yayımlayaraq, Suriyada gərginliyin azaldılması və mülki əhalinin qorunması üçün təcili tədbirlər görülməsinə çağırış edib.
Eyni zamanda, İran bu bölgəyə xüsusi diqqət yetirərək xarici işlər nazirini danışıqlar üçün bölgəyə göndərib. Bundan əlavə, "məsləhətçilər" göndərməyi planlaşdıran İranın daha aktiv mövqe nümayiş etdirəcəyi gözlənilir.
İsrail də sərhəd boyu hərəkətə keçərək təhlükəsizlik tədbirlərini gücləndirib və hərbi aktivliyi artırıb.
Birgə bəyanatda, münaqişənin təsirlərini azaltmaq üçün infrastrukturların qorunması və mülki əhalinin təhlükəsizliyinin təmin olunmasının vacibliyi vurğulanıb. ABŞ Dövlət Departamentinin bəyanatında, 2015-ci ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə istinad edilərək, Suriyadakı münaqişənin yalnız siyasi yolla həllinin mümkün olduğu bildirilib.
Mütəxəssislər bildirir ki, Suriyadakı vəziyyətin bölgədə yeni qarşıdurmalara səbəb olma ehtimalı artıb. Beynəlxalq cəmiyyət, sülhün bərqərar edilməsi və sabitliyin təmin olunması üçün daha aktiv səylər göstərməyə çağırılır.