BAKI,AzerVoice - İxlas və səmimiyyətlə tutulan oruc, insanın günahlarının bağışlanmasına və Allahın mərhəmətinə nail olmasına bir vəsilədir.
Rəsulullah (s.ə.s) bir hədisi-şərifində belə buyurmuşdur:
“Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.”
Bu hədisdə Peyğəmbərimiz (s.ə.s), Ramazanın bərəkətinə tam inanan, ixlas və səmimiyyətlə oruc tutaraq bu mübarək ayı ibadət və itaətlə keçirən, savabını isə yalnız Allahdan gözləyən möminlərin keçmiş günahlarının bağışlanacağını müjdələmişdir.
Hədisdə keçən “imənən” ifadəsi, insanın inanmalı olduğu hər şeyə, xüsusən də oruc ibadəti ilə bağlı dini hökmlərə ürəkdən iman etməsini bildirir. Yəni orucun fərz olduğuna, Allahın vəd etdiyi böyük mükafata qəlbən inanmaq lazımdır.
Allah Duaları Qəbul Edər
Biz insanlar Allahın bəndələriyik, O isə bizim Məbudumuzdur. Bizə verdiyi nemətlərin qarşılığında ibadət etmək bizim borcumuzdur. Oruc da Allahın bizə əmr etdiyi ibadətlərdən biridir və O, hər bir ibadətimizdən xəbərdardır. Dua edərkən də O, bizə cavab verəndir.
Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur:
“Allah Ona dua edən hər kəsə cavab verər. Ya dünyada dərhal arzusunu yerinə yetirər, ya da əvəzini axirətə saxlayar, yaxud da duası qədər günahlarını bağışlayar. Əsas odur ki, dua edərkən günaha səbəb olacaq bir şey və ya qohumluq əlaqələrinin pozulmasını istəməsin və ya tələsməsin.”
Başqa bir hədisdə isə belə buyurulmuşdur:
“Rəbbiniz çox həyalıdır, kərimdir. O, əllərini qaldırıb dua edən qulunu boş qaytarmaqdan həya edər.”
Bu hədislərdən anlaşılır ki, Allah duaları qəbul edir, lakin duaların qəbul edilməsi Onun hikmətinə əsaslanır. Dua edərkən qəlbimizdə Allaha qarşı tam iman olmalıdır. Əgər dua edərkən Onun bizi eşitdiyinə və istəklərimizi yerinə yetirəcəyinə inanmazsaq, bu, duanın ədəbinə ziddir və belə bir dua qəbul olunmaz.
Allah lütf, kərəm, rəhmət və mərhəmət sahibidir. Ona görə də, “duamız cavabsız qaldı” demək doğru deyil. Duaların qəbul olması üçün ixlasla, səmimiyyətlə və qəlbdən inanaraq Onun dərgahına yönəlməliyik.
Hədisdə keçən “imənən” ifadəsi də məhz bu inamı əhatə edir. “İhtisab” sözü isə, savabın yalnız Allahdan gözlənilməsini bildirir. Yəni ibadət yalnız Allah rizası üçün edilməli, dünyəvi mənfəət umulmamalıdır. İbadətə riya və hər hansı şəxsi mənafe qarışdırılmamalıdır.
İbadət, Allaha Qulluğun Tələbidir
Hər bir müsəlman çalışmalı, iradəsinin haqqını verməli, lakin nəticədə hər şeyi Allahdan diləməlidir. İbadət edərkən unutmamalıyıq ki, biz bəndəyik, Allah isə bizim Rəbbimizdir. O bizə ibadət etməyi əmr etmişdir və biz bu ibadəti yalnız Onun haqqı olduğu üçün yerinə yetirməliyik. İbadətlərimizi ehtiyac və istəklərimizə bağlamamalı, onları vəzifəmiz kimi əda etməliyik.
Allah bizə dua etmək haqqını lütf etmişdir. O, sanki bizə belə demişdir:
“Siz Mənə qulluq edin və ibadətlərinizi yerinə yetirin – bu sizin vəzifənizdir. Mən də axirətdə sizi nemətlərimlə sevindirəcəyəm.”
Bu da göstərir ki, bizə dua haqqını verən və onu qəbul edəcək olan yalnız Allahdır.
Həqiqi Qulluq Necə Olmalıdır?
İnsanın malik olduğu hər şey Allahın ona bəxş etdiyi nemətdir. Bizim öz sərmayəmiz olan heç bir şey yoxdur ki, ona sahib olmaq haqqımız olsun. Başdan sona qədər biz tamamilə Allaha aidik və Onun bizə bəxş etdiyi haqq və nemətləri istifadə edirik.
Ona görə də, bir müsəlmanın ən əsas vəzifəsi yalnız Allahın razılığını qazanmağa çalışmaqdır. İbadətlər də məhz bu niyyətlə edilməlidir.
Səmimiyyətlə, ixlasla yerinə yetirilən ibadətlərin Allah dərgahında qəbul olunacağına inanırıq. Allah etdiyimiz ibadətləri qəbul eləsin!