Əsas səhifə » Barcelona bu mövsüm niyə bu qədər uğurludur?

Barcelona bu mövsüm niyə bu qədər uğurludur?

BAKI, AzerVoice / Fərid Mikayılov

Barcelona futbol klubu tarixən dünyanın ən güclü komandalarından biri kimi tanınıb. Lakin son illərdə xüsusilə komandanın əfsanəvi oyunçularının bir-bir ayrılmasından sonra Kataloniya təmsilçisi ciddi eniş dövrünə daxil olub.

Baş məşqçi problemi ilə üzləşən klub, bu durumu dəyişmək üçün əvvəlcə öz əfsanəsi Xavi Hernandezi komandanın baş məqçi postuna gətirdi. Xavi ilk mövsümündə La Liqa və digər turnirlərdə qələbələr qazansa da, növbəti mövsümdə uğursuz nəticələr fonunda klubla yollarını ayırdı.

2024/25 mövsümündə isə klubun başına alman təcrübəli mütəxəssis Hansi Flik gətirildi. Flik daha öncə Bavariya və Almaniya millisini çalışdıraraq böyük uğurlar əldə edib. Onun rəhbərliyi altında Barcelona bu mövsüm yenidən zirvəyə doğru irəliləyir.

Flikin oyun fəlsəfəsinin əsasını intizam, kollektiv düşüncə və psixoloji balans təşkil edir. Bu elementlər, son illərdə sabitlik baxımından çətinlik çəkən Barcelona üçün dönüş nöqtəsinə çevrildi.

Flik hücumlarda genişliyi artırmaq üçün cinah oyunçularına və hücumameylli cinah müdafiəçilərinə böyük əhəmiyyət verir. Bu yanaşma, komandanın dinamik və gənc heyəti ilə birləşərək hücumda çevik və təsirli oyun qurmağa imkan verir.

Bu mövsüm Barcelonanın hücum xətti həm gənc istedadları, həm də təcrübəli ulduzları bir araya gətirir. Komandanın əsas qol ümidi olaraq Robert Levandovski çıxış edir. Onun təcrübəsi, mövqe seçimi və son vuruşlardakı dəqiqliyi hücum xəttinin mərkəzi fiquruna çevrilməsinə səbəb olub.

Lamin Yamal, cəmi 17 yaşı olmasına baxmayaraq, artıq əsas heyətin dəyişilməz üzvüdür. Onun sürəti, texnikası və driblinq qabiliyyəti sağ cinahda real təhlükə yaradır və komandaya strateji üstünlük qazandırır.

Cinahda digər bir aparıcı fiqur Rafinyadır. Braziliyalı futbolçunun texniki bacarığı və uzaqdan zərbələri onu həm sol, həm də sağ cinahda effektiv edir. Bu mövsüm göstərdiyi performansla Rafinya artıq Qızıl top üçün real namizəd kimi dəyərləndirilir.

Komandanın mərkəzində isə bu mövsüm transfer olunan Dani Olmo və əsas oyun qurucu Pedri dayanır. Hər iki futbolçu Avro-2024 turnirində də öz milli komandalarının aparıcı fiqurlarına çevrilərək parlaq çıxış ediblər.

Pedri, oyun oxuma qabiliyyəti, pas dəqiqliyi və presinqdəki effektivliyi ilə diqqət çəkir. O, həm müdafiədə, həm də hücumda balans yaradır.

Dani Olmo isə gözlənilməz hücumları, dinamik oyun tərzi və qapıya istiqamətlənmiş dəqiq zərbələri ilə tanınır. Onun cinahdan mərkəzə hərəkətləri müdafiə xətlərini çaşdıraraq rəqiblər üçün təhlükə yaradır.

Bu iki oyunçunun birlikdə meydana gətirdiyi enerji, ritm və nəzarət Barcelona-nın bu mövsümki yüksəlişinin əsas səbəblərindəndir.

Barcelonanın 2024/25 mövsümündəki uğuru təsadüfi deyil. Hansi Flikin rəhbərliyi, nizam-intizam əsaslı sistem və gənc istedadların doğru şəkildə inteqrasiya olunması, klubu yenidən Avropa səhnəsində favoritlərdən birinə çevirib.

Digər Kateqoriyalar

2025 © Azervoice