BAKI, AzerVoice
Bu gün U-17 yaş kateqoriyasında Asiya Kubokunun Final matçında Özbəkistan yığması, turnirin ev sahibi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
AzerVoice xəbər verir ki, görüş saat 19:00-da Tayif şəhərində yerləşən “Kral Fəhd” stadionunda keçiriləcək.
Final matçını Qətərli hakim Məhəmməd Əhməd Əl-Şammari idarə edəcək. Ona yan xəttlərdə Yusif Arif Əl-Şammari (Qətər) və Nuanid Dorncanqrid (Tailand) yardım edəcək. Dördüncü hakim funksiyasını Kim Yu Çonq (Cənubi Koreya) yerinə yetirəcək. VAR sisteminin başında isə Daniel Con Elder (Avstraliya) olacaq.
Xatırladaq ki, hər iki komanda turnirdə çıxışına “A” qrupunda başlamışdı. Qrup mərhələsində Özbəkistan 9 xal, Səudiyyə Ərəbistanı isə 6 xal toplayaraq növbəti mərhələyə yüksəlib. Bu nəticələr sayəsində hər iki komanda bu ilin noyabrında Qətərdə keçiriləcək U-17 Dünya Çempionatına vəsiqə qazanıb.
Qrup mərhələsində keçirilmiş qarşılaşmada özbək futbolçular Səudiyyə Ərəbistanına qarşı 3:0 hesablı qələbə qazanmışdılar. Bu gün isə hər iki komanda qitə çempionluğu uğrunda son qarşılaşmaya çıxacaq.