BAKI, AzerVoice
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün futbolsevərləri iki maraqlı qarşılaşma gözləyir.
AzerVoice xəbər verir ki, saat 23:00-da start götürəcək oyunlar nəticəsində turnirin ilk iki yarımfinalçısı bəlli olacaq.
Günün ilk oyunu Almaniyanın Dortmund şəhərində baş tutacaq. İlk matçda Barselona doğma meydanda Borussiya Dortmund üzərində 4:0 hesablı inamlı qələbə qazanmışdı. İndi isə Hansi Flikin rəhbərlik etdiyi Kataloniya klubu üstünlüyünü qorumaq və yarımfinala adlamaq üçün səfərdə meydana çıxacaq.
Borussiya Dortmund isə azarkeşlərinin dəstəyi ilə sensasiyaya imza atmaq, geridönüş edərək növbəti mərhələyə yüksəlmək arzusundadır. Oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Digər qarşılaşma İngiltərədə oynanacaq. Aston Villa klubu öz meydanında Fransanın nəhəng təmsilçisi PSJ-ni qəbul edəcək. İlk oyunda Parisdə 3:1 hesabı ilə qalib gələn Luis Enrikenin komandası bu dəfə daha rahat vəziyyətdədir. Aston Villa isə Unay Emerinin rəhbərliyi altında azərkeşlərini sevindirmək üçün əlindən gələni edəcək.
Hər iki qarşılaşmanın həm taktiki, həm də emosional atmosfer baxımından maraqlı və gərgin keçəcəyi gözlənilir.