BAKI, AzerVoice
Yaponiyada keçirilən Formula 1 Dünya Çempionatında mövsümün üçüncü mərhələsi – Yaponiya Qran Prisinin qalibi Maks Ferstappen oldu.
AzerVoice xəbər verir ki, yarış, Yaponiyanın Suzuka şəhəri ilə eyni adı daşıyan 5,8 kilometrlik trasda baş tutub.
Yaponiyada son 3 yarışın qalibi olan Ferstappen bu il də poul mövqeyindən başladığı yarışı qazanaraq ardıcıl dördüncü dəfə Suzukada qalib gəldi. Hollandiya təmsilçisi üçün bu, mövsümdəki ilk Qran Pri qələbəsi oldu.
"McLaren" pilotları mövsümün ilk iki yarışında olduğu kimi bu dəfə də podiumda yer alıblar:
– Avstraliyada qalib olan Lando Norris bu dəfə ikinci,
– Çində qalib olan Oscar Piastri isə üçüncü yerdə qərarlaşıb.
"Ferrari" və "Mercedes" pilotları sıralamanı qoruyub:
– "Ferrari" pilotu Şarl Lekler yarışa başladığı 4-cü yerdə
finişə çatdı.
– Komandanın digər pilotu Lyuis Hemilton isə 7-ci oldu.
– "Mercedes" pilotu Corc Rassell 5-ci,
– gənc sürücü Kimi Antonelli isə 6-cı yerdə yarışı tamamladı.
Formula 1 mövsümü 13 aprel tarixində keçiriləcək Bəhreyn Qran Prisi ilə davam edəcək.