Əsas səhifə » Karlo Ançelotti vergi qaçırma ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Karlo Ançelotti vergi qaçırma ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

BAKI,AzerVoice

İtaliyalı məşhur futbol mütəxəssisi, Real Madridin baş məşqçisi Karlo Ançelotti İspaniyada vergi qaçırmaqda ittiham edilir.

AzerVoice xəbər verir ki, onun 2013-2015-ci illərdə Madrid klubundakı ilk fəaliyyət dövrü ilə bağlı İspaniya Vergi Xidməti tərəfindən məhkəməyə verildiyi bildirilir.

Məhkəmə iclası Madrid Məhkəməsində keçirilib. Ançelotti məhkəməyə həyat yoldaşı Marian Barrena və oğlu, eyni zamanda Real Madridin köməkçi məşqçisi olan David Ançelotti ilə birlikdə qatılıb.

İspaniya mediasının böyük maraq göstərdiyi məhkəmə prosesinə daxil olarkən Ançelotti qısa açıqlama verərək, ittihamları qəbul etmədiyini və burada özünü müdafiə etmək üçün deyil, ifadə vermək üçün iştirak etdiyini bildirib.

İddialara əsasən, Ançelotti 2014-cü ildə 386 min 361 avro, 2015-ci ildə isə 675 min 718 avro olmaqla ümumilikdə 1 milyon 62 min avro vergi öhdəliyindən yayınmaqda günahlandırılır.

Prokurorluq məşqçiyə 4 il 9 ay həbs cəzası verilməsini, vergi borcunun dövlət tərəfindən tutulmasını və ümumilikdə 3 milyon 186 min 237 avro məbləğində cərimə ödəməsini tələb edir.

Ançelotti isə ittihamları rədd edərək günahsız olduğunu bildirir.

Digər Kateqoriyalar

2025 © Azervoice