BAKI,AzerVoice
Mançester Yunayted klubu 100 min azarkeş tutumuna malik yeni stadion tikmək niyyətində olduğunu açıqlayıb.
AzerVoice xəbər verir ki, bu barədə çərşənbə axşamı klubdan yayılan rəsmi açıqlamada bildirilib.
Klub rəhbərliyinin təsdiqlədiyi məlumata görə, yeni stadion layihəsi Old Trafford bölgəsinin yenidən inkişaf etdirilməsi və modernləşdirilməsi planının mərkəzi hissəsi olacaq. Həmçinin bu layihə Britaniya hökumətinin iqtisadi inkişaf proqramına da tam şəkildə dəstək məqsədi daşıyır.
"Son 115 il ərzində klubumuza xidmət etmiş hazırkı stadionumuz artıq dünya idman arenasındakı ən müasir idman qurğularından geri qalır. Bu səbəbdən yeni, daha böyük və müasir bir stadiona ehtiyacımız var",- deyə Klubun sahibi olan iş adamı Cim Ratklif stadionla bağlı açıqlamasında qeyd edib.
Yeni stadionun necə görünəcəyinə dair miqyaslı maketlər və ilkin konseptual görüntülər ictimaiyyətə təqdim olunub. Stadionun və ətraf ərazinin tamamilə yenilənməsi, müasir infrastrukturun qurulması nəzərdə tutulur.
Qeyd edək ki, mövcud Old Trafford stadionu artıq 115 ildən çoxdur ki, klubun əsas stadionu kimi fəaliyyət göstərir, lakin klub rəhbərliyinə görə, o artıq dünyanın aparıcı idman arenalarından geri qalır və müasir standartlara uyğun deyil.