Bakı, AzerVoice
14-15 dekabr tarixlərində Milli Gimnastika Arenasında qış mövsümünün ən parlaq hadisələrindən biri - bədii gimnastika üzrə "Qış nağılı" adlı beynəlxalq turnir keçiriləcək.
AzerVoice xəbər verir ki, iki gün davam edən yarış 2009-2018-ci il təvəllüdlü gənc gimnastların parlaq performanslarını və qışın füsunkar ab-havasını bir araya gətirəcək.
İncə gimnastika elementləri, gimnastların nağılvari çıxışları qışın sehri ilə birləşib izləyicilərə unudulmaz anlar bəxş edəcək, gimnastikanın valehedici dünyasına pəncərə açacaq.
"Qış nağılı" xarici ölkələrin gimnastika federasiyalarını, klubları və yerli gimnastika cəmiyyətlərini bir araya gətirərək gimnastikanın müxtəlif üslublarını və texnikalarını nümayiş etdirəcək. Bu, həm də gənc gimnastların bacarıqlarını geniş auditoriya qarşısında nümayiş etdirmək və onların qlobal səhnədə parlaması üçün yaradılan bir fürsətdir.
"Qeyd etmək lazımdır ki, növbəti il yeni yarış qaydaları qüvvəyə minəcək. Gələn ilin yarışlarına cari ildən hazır olmaq və bu qaydaları mənimsəmək üçün idmançıları yeni qaydaların tətbiq olunduğu bu turnirdə iştirak edib təcrübə toplamağa çağırırıq",- deyə Azərbaycan Gimnastika Federasiyasından bildirilib.