BAKI, AzerVoice
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Bakıda 1-ci Azərbaycan-Türkiyə Uşaq Təcili Tibbi Yardım və Reanimasiya Konqresi keçirilib.
AzerVoice xəbər verir ki, konqres Azərbaycan Respublikasının Pediatriya Mərkəzi, Türk Uşaq Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyinin təşkilatçılığı, Azərbaycan İcbari Tibbi Sığorta Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və TİKA-nın əməkdaşlığı ilə keçirilib.
Konqresin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Pediatriya Mərkəzinin direktoru uzman Dr. Azər Əhmədov, son illərdə ölkədə pediatriya sahəsində ciddi irəliləyişlərin baş verdiyini, mərkəzə bağlı xəstəxanalarda yenidoğulmuşlara və uşaqlara göstərilən təcili tibbi müdaxilələrin uğur göstəricilərinin nəzərəçarpacaq dərəcədə artdığını vurğulayıb.
Ankara Universiteti Cebeci Xəstəxanasının baş həkimi və konqresin sədri professor Dr. Tanıl Kendirli, Azərbaycanlı həmkarlarının konqresə və onun çərçivəsində keçirilən kurslara göstərdiyi böyük maraqdan məmnunluğunu bildirib və bu tədbirin həyata keçirilməsində göstərdiyi dəstəyə görə TİKA-ya təşəkkür edib.
TİKA-nın Azərbaycandakı fəaliyyətlərinə toxunan TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, qurumun 1994-cü ildən bu yana Azərbaycanda 1500-dən çox layihə həyata keçirdiyini, bu layihələrin hər beşindən birinin səhiyyə sahəsinə aid olduğunu bildirib.
"Yalnız səhiyyə deyil, bütün sahələrdə iki qardaş ölkənin bilik və təcrübələrini bir-biri ilə bölüşməsi üçün çalışırıq" – deyə, Özçelik bildirib.
Ankara Universitetinin rektoru professor Dr. Necdet Ünüvar konqresə videobağlantı vasitəsilə qatıldı.
Konqresin açılışında Türkiyənin Bakıdakı səfiri professor Dr. Birol Akgün çıxış edib:
“TİKA səhiyyə sektorunda Azərbaycanın dəyərli qurumları və həkimləri ilə əməkdaşlıq çərçivəsində modulyar xəstəxanaların qurulmasından tutmuş tibbi müayinələrə, səhiyyə təhsili və təcrübə paylaşımı proqramlarından tutmuş tibbi avadanlıq təminatına, həmçinin səhiyyə ilə bağlı konfrans, sərgi və konqreslərin dəstəklənməsinə qədər çox geniş sahələrdə fəaliyyət göstərir.”
Üç gün davam edən konqresə 300-dən çox həkim, tibb bacısı və səhiyyə işçisi qatılıb. Tədbir çərçivəsində səhiyyə işçiləri üçün “Uşaq Təcili Yardım və Reanimasiya”, “Mexaniki Ventilyasiya”, “Pediatrik Təcili Yardım və Reanimasiya üzrə Tibb Bacısı Hazırlığı” mövzularında kurslar təşkil olunub. Konqresin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.