Bakı, AzerVoice
2025-ci il Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında AMEA-nın Ümumi yığıncağı keçirilib.
AzerVoice xəbər verir ki, iclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın türk xalqlarının zəngin mədəni irsinin qorunması, tədqiqi və beynəlxalq arenada tanıdılması istiqamətində fəaliyyətindən bəhs edib. AMEA-nın Türk Mədəniyyəti və İrsi Fondunun olduqca mühüm tərəfdaşlarından biri olduğunu vurğulayan Aktotı Raimkulova Akademiya ilə birgə müxtəlif konfrans və seminarların keçirildiyini qeyd edib.
O, Fond tərəfindən Parisdə UNESCO-nun mənzil qərargahında Türk
dünyasının və ümumiyyətlə dünya mədəniyyətinin ən dəyərli
xəzinələrindən biri olan “Divanü lüğat-it-türk” - ün 950 illiyi
münasibətilə keçirilən beynəlxalq konfransa verdiyi dəstəyə və
aktiv iştirakına görə İsa Həbibbəyliyə dərin təşəkkürünü
bildirib.
Aktotı Raimkulova çıxışında qeyd edib ki, Türk Mədəniyyəti və İrsi
Fondu AMEA ilə birgə 1926-cı ildə Bakıda keçirilən Birinci
Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə təşkili üçün
hazırlıq işləri aparır. Fondun prezidenti gələcək əməkdaşlıq
perspektivləri, təşkil olunacaq aşıq sənətinə dair beynəlxalq elmi
konfrans haqqında danışıb.
O, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistan alimlərinin sıx əməkdaşlığı sayəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və inkişafına, bundan sonra da mədəni və elmi təşəbbüslərin genişlənəcəyinə inamını bildirib, alimlərə uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər (onlayn), ÇXR Honq-Konq Kore Akademiyasının İdarə Heyətinin üzvü professor Li Lei (onlayn), AMEA-nın Rəyasət Heyətinin üzvləri, deputatlar, akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları və başqaları iştirak edib.


