Bakı,
AzerVoice
23-24 yanvar 2025-ci il tarixlərində Türk Mədəniyyəti və İrsi
Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq
məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli İclas keçirilib.
AzerVoice xəbər verir ki,iclasda
Fondun üzv ölkələri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və
Türkiyənin Xarici İşlər və Mədəniyyət Nazirliklərinin
nümayəndələri, həmçinin təşkilatın əməkdaşları iştirak edib.
Fondun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq
təşkilatın 2024-cü il ərzində gördüyü işlərdən bəhs edib və
xüsusilə vurğulayıb ki, Fond tərəfindən ötən il 74-dən çox layihə
və tədbir həyata keçirilib. Bu konteksdə Aktotı Raimkulova:
Astanada keçirilən Sammitin bəyannaməsinə əsaslanaraq Bişkekdə
Alıkul Osmonovun ev-muzeyinin bərpa və rekonstruksiya işlərinin
başa çatdırılması, “Türk Dünyasına Baxış 2040” sənədini və TURKTIME
təşəbbüsünü rəhbər tutaraq Türk dünyası kataloqunun hazırlanması,
Beşinci Dünya Köçəri Oyunlarının dəstəklənməsi, İstanbulda
tarixi-memarlıq abidələri idarəçiləri üçün Türk mədəni irsinin
idarə olunması ilə bağlı bilik və təcrübə mübadiləsi proqramının
keçirilməsi, “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk
ədəbiyyatının inciləri”, “Türk dünyasının elmi inciləri” kitab
seriyalarının təsisi, Bakıda “Türk dünyasının tarixi-mədəni irsinin
öyrənilməsi və qorunub saxlanılması – UNESCO nöqteyi nəzərindən”
adlı beynəlxalq konfransın keçirilməsi, UNESCO-nun Parisdəki
mənzil-qərargahında türk dünyasının görkəmli alimi Mahmud
Kaşğarinin XI əsrdə qələmə aldığı «Dīwān Lughāt at-Turk» adlı türk
dillərinin ilk ensiklopedik lüğətinin 950 illiyinə həsr olunmuş
beynəlxalq elmi konfrans və sərginin keçirilməsini və digər bu kimi
tədbirləri qeyd edib.
İclasın gündəliyinə türk xalqlarının mədəni irsinin təbliği
istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri daxil
edilib.
Dövlət qurumlarının nümayəndələri və Fondun əməkdaşları qurumun
normativ sənədlərinə dəyişiklikləri müzakirə edib, Fondun 2025 və
2026-cı illər üçün Fəaliyyət Planlarına daxil edilmiş türk
dünyasının zəngin irsinin təbliği, qorunması və bərpasına yönəlmiş
layihələrin ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd olunmalıdır ki, cari il Fondun Şurasında Qazaxıstan
Respublikası sədrlik edir və təşkilatın ikinci Şura toplantısı
Fonda Üzv Dövlətlərin Mədəniyyət Nazirliklərinin iştirakı ilə 7
fevral 2025-ci il tarixində Astanada keçiriləcək.
Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli iclas keçirilib
73