Bakı, AzerVoice
Geyim, sadəcə bir örtük deyil; o, bizim kim olduğumuzu ifadə edən,
özümüzü necə hiss etdiyimizi və başqalarına necə göründüyümüzü
göstərən bir vasitədir.
Bunu AzerVoice - ə açıqlamasında tanınmış
stilist Ayaz Este deyib.
O qeyd edib ki, geyim bizim əhvalımızı formalaşdıran ən təsirli
amillərdən biridir. Parlaq rənglər, rahat və uyğun kəsimlər özümüzü
daha enerjili və pozitiv hiss etdirə bilər. Təsadüfi bir günə
xoşbəxt başlamaq üçün sadəcə sevdiyimiz bir geyimi seçmək
kifayətdir. Əksinə, özümüzü narahat hiss etdiyimiz paltarlar gün
ərzində motivasiyamıza mənfi təsir göstərə bilər.
Stilist hesab edir ki, doğru geyim seçimi insanın özünə olan
inamını artırır. Xüsusilə iş görüşmələrində və ya xüsusi
tədbirlərdə özümüzə uyğun və dəbli görünmək, özümüzü daha peşəkar
və güclü hiss etməyimizə səbəb olur. Psixoloji olaraq, yaxşı
geyinən insanın bədən dili daha açıq olur və başqalarına daha
təsirli görünür.
“Moda trendlərinə uyğun geyinmək bəzən insana cəmiyyətdə daha
aktual və qəbul edilmiş hiss etdirə bilər. Amma bu zaman vacib olan
məqam odur ki, dəblə yanaşı şəxsi stilimizə sadiq qalaq. Hər kəsin
özünəməxsus stili var və onu qorumaq əslində özünə inamı artırır.”-
deyə tanınmış stilist vurğulayıb.
“Həm fiziki, həm də psixoloji rahatlıq geyimlərimizdən gəlməlidir. Eyni zamanda, özümüzü ifadə edə biləcəyimiz paltarlar seçmək önəmlidir. Hər kəsin geyimlə bir mesaj vermə gücü var. Bununla yanaşı, rənglərin və materialların əhvalımıza təsirini nəzərə almalıyıq. ”- deyə stilist sonda bildirib.