Əsas səhifə » Qazaxıstanlılar Aktauda baş vermiş təyyarə qəzasında zərərçəkənlər üçün 800 litr qan verib – Qazaxıstan Səhiyyə Nazirliyi

Qazaxıstanlılar Aktauda baş vermiş təyyarə qəzasında zərərçəkənlər üçün 800 litr qan verib – Qazaxıstan Səhiyyə Nazirliyi

Bakı, AzerVoice

Qazaxıstan vətəndaşları Aktaunun yaxınlığında baş vermiş təyyarə qəzasında zərərçəkənlər üçün iki gün ərzində 800 litr qan ianə ediblər.

AzerVoice xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin bəyanatında bildirilir.

"Təyyarə qəzasından sonra 10 dəqiqə ərzində zərərçəkənlərə ilk tibbi yardım göstərmək üçün Mangistau bölgəsindəki 22 təcili tibbi yardım briqadası və fəlakət Tibb Mərkəzinin 6 briqadası artıq hadisə yerində idi

Zərərçəkənlərin vaxtında Aktau şəhərindəki xəstəxanalara yerləşdirilməsi, ixtisaslı çeşidləmə və ilk kritik saatlarda göstərilən tam tibbi və diaqnostik yardımlar sayəsində 29 nəfərin həyatını xilas etmək mümkün olub.

Bundan əlavə, sadə vətəndaşlarımız da bu faciəyə biganə qalmayıb və müxtəlif regionlardan hadisəyə dərhal reaksiya verib.

İki gün ərzində ölkə üzrə qan mərkəzlərində 1,5 mindən çox insan qan verib və ümumilikdə 800 litr qan ianə edilib. Elə Aktaunun özündə donor məntəqələrinə 490 nəfər gəlib, Astanada 600-dən çox, Şımkentdə 125, Aktobdə 109, Cetısuda 49, Karaqandada 40, Şərqi Qazaxıstan vilayətində isə 34 nəfər qan verib", - nazirliyin məlumatında qeyd olunur.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Digər Kateqoriyalar

2024 © Azervoice