Əsas səhifə » Təyyarə qəzasında həlak olan pilotun dostu danışdı

Təyyarə qəzasında həlak olan pilotun dostu danışdı

Bakı, AzerVoice

AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilot İqor Kşnyakinlə yaxın dost idim.

Bu barədə AzerVoice-ə açıqlamasında İqor Kşnyakinin dostu Müzəffər Mirzəyev deyib.

"Ölümündən iki gün öncə telefonla danışdıq. Qəza olduğu gün nəvəm zəng edib bildirdi ki, İqor qəzaya düşüb. Mən də 12:29 radələrində ona zəng etdim və 38 saniyə danışdıq. İqor vəziyyətinin yaxşı olmadığını bildirdi. Ondan sonra heç bir əlaqəmiz olmadı. Biz onu sağ olduğunu düşünürdük. Amma sonradan bildik ki, rəhmətə gedib", - deyə o bildirib.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Digər Kateqoriyalar

2024 © Azervoice