Bakı, AzerVoice
Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarə qəzasında sağ qalan şəxslərin günün ikinci yarısından etibarən ölkəyə gətirilməsi planlaşdırılır.
AzerVoice xəbər verir ki, bu barədə AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, ekipaj üzvləri qəhrəmancasına, peşakarlıqla işlərini yerinə yetirdikləri üçün 20-dən çox sərnişin sağ qaldı.
"Hadisənin səbəbləri araşdırılır və müəyyənləşdiriləcək", - deyə o bildirib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.