Bakı, AzerVoice
Xəbər verdiyimiz kimi, "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin Aktau şəhərində qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı dekabrın 26-sı Azərbaycanda matəm günüdür.
AzerVoice xəbər verir ki, bununla əlaqədar ölkə ərazisində dövlət bayrağı yarıya qədər endirilib.
Bakının mərkəzində qurulan yolkalardakı işıqlar söndürülüb.
Trend-in əməkdaşı matəm əhvallı Bakını kamerasının yaddaşına köçürüb.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.