Əsas səhifə » Qazaxıstan və Azərbaycan sözdə deyil, əməldə müttəfiqdirlər - Səfir

Qazaxıstan və Azərbaycan sözdə deyil, əməldə müttəfiqdirlər - Səfir

Bakı, AzerVoice

Aktau faciəsi göstərdi ki, Qazaxıstan və Azərbaycan sözdə deyil, əməldə müttəfiqdirlər.

AzerVoice xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel mətbuata verdiyi açıqlamada bildirib.

"Dost dar gündə tanınar. Buna görə də Qazaxıstan və Azərbaycan həm sevinci, həm də kədəri birlikdə bölüşür. Prezidentlər Kasım-Jomart Tokayevin və İlham Əliyevin tapşırığına əsasən, hər iki ölkənin aidiyyəti qurumları aviaqəzanın səbəblərinin araşdırılması və ilkin yardımın göstərilməsi üçün birgə lazımi tədbirlər görür", - o deyib.

Diplomat vurğulayıb ki, qardaş ölkələr yüksək həmrəylik və qarşılıqlı yardım nümunəsini sərgiləyirlər.

"Dövlət strukturları prosesləri ahəng şəkildə koordinasiya edir, xilasedicilər, tibb və nəqliyyat işçiləri operativ şəkildə öz işini görüblər, bir çox biganə qalmayan Qazaxıstan vətəndaşları qan veriblər və Azərbaycanın Aktauda və Astanada yerləşən xarici nümayəndəliklərinin qarşısında gül dəstələri qoyublar", - o qeyd edib.

"Faciə göstərib ki, Qazaxıstan və Azərbaycan yalnız sözdə deyil, əməldə də müttəfiqdirlər, bu da nikbinlik və gələcəyə inam bəxş edir", - deyə Alim Bayel əlavə edib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.

Digər Kateqoriyalar

2024 © Azervoice