Bakı, AzerVoice
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən “Gənclər arasında Oxatma Turniri” layihəsi yekunlaşıb.
Bu barədə AzerVoice-a “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən (GMD) məlumat verilib.
“Gənclər arasında Oxatma Turniri” yalnız idman bacarıqlarını inkişaf etdirməklə kifayətlənmir, eyni zamanda milli dəyərləri qorumaq və qədim döyüş sənətlərimizə olan marağı artırmağı hədəfləyib. Turnir, gənclərin fiziki sağlamlığını gücləndirməklə yanaşı, onların iradə, konsentrasiya və komanda ruhunu inkişaf etdirmək üçün şans yaradır.
Layihə rəhbəri Kənan Mustafayevin olduğu “İdeyanı Reallaşdır” qrant müsabiqəsinin qalibi olan layihənin əsas prioriteti gənclərin tariximizə və mədəniyyətimizə olan marağını artırmaq, onları sağlam və aktiv həyat tərzinə təşviq etməkdir. Bu turnir vasitəsilə, oxçuluq sənətinin yalnız bir idman növü deyil, həm də xalqımızın zəngin mədəniyyətinin bir hissəsi olduğunu vurğulamaq istənilib.
Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.
Birlik gənclərin vətənpərvərlik hisslərinin, dövlətçilik dəyərlərinin yüksəldilməsi, gənclərin asudə vaxtlarının səmərəli və öyrədici formada dəyərləndirilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.
Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (Turkic.World) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.