Əsas səhifə » COP29 çərçivəsində transsərhəd su idarəçiliyi müzakirə edildi

COP29 çərçivəsində transsərhəd su idarəçiliyi müzakirə edildi

Bakı, AzerVoice

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində "Birləşmiş Ərəb Əmirliklərinin Qlobal İqlimə Dayanıqlılıq Çərçivəsi üzrə Tərəqqinin Təminində İqlim Məlumatlı Transsərhəd Su İdarəçiliyinin Rolu" mövzusunda tədbir təşkil olunub.

AzerVoice xəbər verir ki, bu barədə tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, bu gün bütün dünyada müzakirə olunan qlobal məsələlərdən biri də su problemləridir.

Qeyd olunub ki, iqlim dəyişikliyinin təsiri ilə su ehtiyatlarının azalması, kənd təsərrüfatı və içməli su təminatı üçün ciddi çağırışlar yaradır:

"Dünyada təxminən 2 milyard insan təmiz suya çıxış imkanından məhrumdur. Əhalinin artımı, şəhərləşmə, qeyri-səmərəli su istifadəsi və çirklənmə su azlığını daha da dərinləşdirir.

Azərbaycan, təbii su resursları məhdud olan bir ölkə olaraq, su ehtiyatlarının dayanıqlı istifadəsini prioritet olaraq qəbul edir. Bu kontekstdə, ölkəmiz su resurslarının qorunması və səmərəli istifadəsi istiqamətində mühüm addımlar atıb.

Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın yaradılması və 2023-cü il tarixli Sərəncamla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təsis edilməsi, həmçinin "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın qəbul edilməsi, ölkəmizin su məsələlərinə göstərdiyi diqqətin bariz nümunəsidir.

Biz bu istiqamətdə mühüm irəliləyişlər əldə etsək də, qarşıda hələ də qlobal iqlim dəyişiklikləri və suya artan tələb kimi ciddi çağırışlar mövcuddur. Gələcəkdə, suyun təkrar istifadəsi, yaşıl texnologiyaların tətbiqi və regional əməkdaşlıq vasitəsilə bu çağırışların öhdəsindən gəlməyi hədəfləyirik.

Azərbaycan da daxil olmaqla bir çox ölkə, su ehtiyatlarının azalması və qeyri-bərabər paylanması ilə bağlı problemlərlə qarşılaşır. Su resurslarının məhdudluğu və qeyri-bərabər paylanması, transsərhəd çaylar və su hövzələri üzrə ortaq idarəetmə və koordinasiyalı tədbirləri şərtləndirir. Bu əməkdaşlıq yalnız su ehtiyatlarının dayanıqlı istifadəsini təmin etməklə deyil, həm də iqlim dəyişikliyinin təsirlərinə qarşı birgə həll yollarının işlənib hazırlanması üçün əsasdır".

Nazir müavini bildirib ki, dünyadakı su hövzələrinin təxminən 60%-i iki və ya daha çox ölkənin sərhədindən keçir və 150-dən çox ölkə bu resurslardan asılıdır. Belə su ehtiyatları təkcə insanların gündəlik ehtiyaclarını deyil, həm də kənd təsərrüfatı, enerji və sənaye kimi sahələri dəstəkləyir.

"İqlim dəyişikliyi ilə əlaqəli su problemləri, qlobal miqyasda dövlətlər və təşkilatlar arasında əməkdaşlığın zəruriliyini ön plana çıxarır.

1992-ci ildə qəbul edilən BMT-nin Avropa İqtisadi Komissiyasının "Transsərhəd Su Axınları və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi haqqında Konvensiya"sı transsərhəd su ehtiyatlarının dayanıqlı və səmərəli idarə olunmasını təmin etmək üçün mühüm beynəlxalq hüquqi çərçivə yaratmışdır.

Azərbaycan üçün transsərhəd sular məsələsi strateji prioritetlərdən biridir. Ölkəmiz Həkəriçay, Bərgüşadçay, Oxçuçay, Kür və Araz çayları kimi böyük transsərhəd su hövzələrinin aşağı axınında yerləşir və bu çayların suları Xəzər dənizinə tökülərək region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.

Uzun illərdən bəri Oxçuçayın Ermənistan ərazisində ciddi çirklənməyə məruz qalması, bütün regionun ekosisteminə və su təhlükəsizliyinə ciddi təhdid yaradır.

Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması sahəsində beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq birgə fəaliyyətlərə önəm verir və 2000-ci ildən BMT-nin Su Konvensiyasına üzvdür. Təəssüf ki, regionda digər ölkələrin Su Konvensiyasına qoşulmaması, transsərhəd əməkdaşlığını mümkünsüz edir və suların dayanıqlı idarə olunması imkanlarını məhdudlaşdırır.

Ölkəmizin transsərhəd su ehtiyatlarının idarə edilməsi sahəsində üzləşdiyi çağırışlar nəzərə alınarsa, bu üzvlük strateji əhəmiyyət kəsb edir. Xüsusilə, Azərbaycanın su ehtiyatlarının təxminən 70%-nin transsərhəd çaylardan formalaşdığı bir mühitdə, beynəlxalq hüququn təmin etdiyi əməkdaşlıq imkanları çox vacibdir.

Transsərhəd suların ədalətli və dayanıqlı idarə olunması yalnız vahid ölkənin deyil, bütün regionun məsuliyyətidir. Buna nail olmaq üçün birgə səylərimizi gücləndirməliyik.

Bu gün burada toplaşmağımız sübut edir ki, biz birlikdə hərəkət etməyə, biliklərimizi və təcrübələrimizi paylaşmağa hazırıq. Mən əminəm ki, bu tədbirdə aparılan müzakirələr transsərhəd suların idarə olunması sahəsində yeni əməkdaşlıq imkanları yaradacaq və bütün region üçün dayanıqlı gələcək qurulmasına töhfə verəcək", - o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Digər Kateqoriyalar

2024 © Azervoice