Əsas səhifə » Ombudsman ABŞ konqresmenlərini beynəlxalq hüquqa hörmət etməyə çağırıb

Ombudsman ABŞ konqresmenlərini beynəlxalq hüquqa hörmət etməyə çağırıb

Bakı, AzerVoice

Amerikalı konqresmenlər Frank Pelloni və Ed Markinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirdə iştirakından sonra ölkəmizə səfərinə dair ABŞ-da verdikləri həqiqətləri əks etdirməyən açıqlamaları dərin təəssüf hissi doğurur.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva konqresmenlərin açıqlamalarına reaksiyasında bildirib.

Ombudsmanın fikrincə, konqresmenlərin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı irəli sürdüyü iddialar onların ölkəmizə qarşı qərəzli mövqeyini bir daha nümayiş etdirir.

"Həmin konqresmenlərin həqiqəti əks etdirməyən yanaşmaları əvəzinə, indiki Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə didərgin salınmış yüz minlərlə soydaşlarımızın geri qayıtmaq hüququnun təmini, həmin şəxslərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı məsələsini heç bir ayrı-seçkiliyə yol vermədən önə çıxarmalarını gözləyərdik.

Eyni zamanda, konqresmenlərə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının iyirmi faizinin bu ölkə tərəfindən otuz ilə yaxın müddət ərzində işğal olunduğunu, bir milyondan çox azərbaycanlının məcburi köçkünə çevrildiyini xatırlatmaq istərdik.

Lakin biz Frank Pelloni və Ed Markinin indiki həssas bir dövrdə regionda dayanıqlı sülhün bərqərar olunması ilə bağlı addımlar atmaq yerinə, yeni münaqişə ocaqları yaradılması istiqamətində mövqe nümayiş etdirmələrinin şahidi oluruq. Pelloninin öz çıxışında Amerika Birləşmiş Ştatlarının belə tanımadığı, legitim olmayan bir "qurumun" və onun müharibə cinayətləri törətdiklərinə görə təqsirləndirilən şəxslər olaraq istintaqa cəlb edilmiş "rəhbərinin" adını hallandırması, başqa ölkənin daxili işinə qarışması, beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini heçə sayması "həmin konqresmen hansı siyasi dairələrə xidmət edir?" sualına cavab vermiş olur.

Həmçinin onu da qeyd etmək istərdim ki, həmin konqresmenlərin Ermənistanın həyata keçirdiyi mina terrorunun mülki əhalinin, o cümlədən ahılların, qadınların və uşaqların həyatına son qoymasına, Birinci Qarabağ müharibəsindən indiyədək itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə bu ölkə tərəfindən bu günədək ölkəmizə hər hansı məlumatın təqdim edilməməsinə səssiz qalması da onların qərəzli olduğunu növbəti dəfə sübut edir.

Konqresmen Pelloninin COP29 zamanı müstəqil mətbu orqanların nümayəndələri tərəfindən ona ünvanlanmış suallardan yayınmasını və tutarlı arqumentlərə cavab verə bilməməsini sonradan cəfəng iddialarla əsaslandırması onun söz və mətbuat azadlığına olan dözümsüzlüyünün bariz nümunəsidir", - deyə Səbinə Əliyeva bildirib.

O, ABŞ konqresmenlərinin açıq-aşkar erməni lobbisinin tapşırıqları əsasında irəli sürdükləri əsassız və qərəzli fikirlərini bir daha qınayıb, onları beynəlxalq hüquqa hörmət etməyə, milli zəmində münaqişə yaradılmasına cəhd göstərməməyə dəvət edib.

Digər Kateqoriyalar

2024 © Azervoice