Bakı,AzerVoice
Yaxın vaxtlarda Azərbaycanda rəqəmsallaşma konsepsiyasının təsdiq olunması gözlənilir.
Bu barədə AzerVoice-ə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri İnarə Vəliyeva məlumat verib.
"Yol xəritələri üçün fikirlər müxtəlif sahələr üzrə hazırlanır. Məsələn, biz özəl sektorla birlikdə işləyirik, təkcə ayrı-ayrı nazirlikləri deyil, bütövlükdə bütün istiqamətləri əhatə edirik. Biz bu istiqamət üçün yol xəritəsi yaradırıq və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Təhsil də daxil olmaqla, digər sektorlar üçün də oxşar işlər görülür. Ölkədə və dövlət orqanlarında rəqəmsallaşmanın uğurunu ölçəcəyimiz KPI daxil olmaqla, rəqəmsallaşdırma konsepsiyası tam inkişaf etdirilir. İndi bu konsepsiya hökumətdə təsdiqlənir. Bunun tezliklə baş verəcəyini gözləyirik", - o deyib.
Daha əvvəl bildirilib ki, Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qurumları ilə birlikdə hansı xidmətlərin hansı qaydada rəqəmsallaşdırılacağını müəyyən etmək üçün yol xəritəsi hazırlayıb.
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edir. Nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Startapları) dəstək vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyera imkanlarını təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması və təşkilini həyata keçirmək Agentliyin prioritet istiqamətləridir.