Bakı, AzerVoice
“İntellektual Klubların V Gənclər Liqası” Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Bu barədə AzerVoice-ə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən (GMD) məlumat verilib.
Respublikanı əhatə edən ölkənin ən böyük intellektual turnirinin regionlar üzrə I seçim turu yekunlaşıb.
Seçimlərdə ümumilikdə 500-dən artıq komanda öz intellektual gücünü sınayacaq. Rayonlar və şəhərlər üzrə ilkin mərhələnin qalib komandaları növbəti mərhələdə zonalar üzrə yarışacaqlar. Gərgin bilik mübarizəsinin sonunda isə gənclər Bakıda 2 gün ərzində keçiriləcək möhtəşəm final mərhələsində iştirak edəcəklər. Turnir çərçivəsində “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq” və “Erudit Kvartet” oyunları keçiriləcək.
Təşkil edilən turnirin əsas məqsədi Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən olan gənclərin intellektual potensialının inkişaf etdirmək, regionlarda intellektual oyunların keçirilməsini davamlı hala gətirmək və intellektli gənclər ordusunu formalaşdıraraq bu hərəkatın kütləviləşməsini təmin etmək olub. Həmçinin, cənab Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsinə görə gənclər arasında təbliğinə turnirdə xüsusi önəm verilib.
Xatırladaq ki, 2019-cu ildən bəri mütəmadi olaraq keçirilən turnir bütün ölkə gənclərini əhatə edərək onların intellektual səviyyələrinin, dünyagörüşlərinin stimullaşdırılmasına, həmçinin şəbəkələşməsinə təkan verir. Bu xüsusda Azərbaycan Respublikasının Gənclər Fondu intellektinə güvənən hər bir gənci növbəti illərdə bu çağırışa qoşulmağa və bu ənənənin davamçısı olmağa dəvət edir.
Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.
Birlik gənclərin vətənpərvərlik hisslərinin, dövlətçilik dəyərlərinin yüksəldilməsi, gənclərin asudə vaxtlarının səmərəli və öyrədici formada dəyərləndirilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.
Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (Turkic.World) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.