BAKI, AzerVoice
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağına elektrik enerjisinin verilişini dayandırmasını “ən sərt şəkildə” pislədiyini bəyan edib.
AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İsrailin bu addımını fələstinlilərə qarşı kollektiv cəza kimi qiymətləndirərək, beynəlxalq hüququn pozulmasına dair narahatlığını ifadə edib.
Bəyanatda Qəzzaya elektrik enerjisi və humanitar yardımların dərhal, qeyd-şərtsiz və məhdudiyyətsiz çatdırılmasını təmin etmək üçün beynəlxalq ictimaiyyətə təcili tədbirlər görmək çağırışı edilib. Səudiyyə Ərəbistanı İsrailin bu addımlarına görə beynəlxalq məsuliyyət daşımalı olduğunu vurğulayıb.
Qeyd edək ki, İsrail martın 2-dən etibarən Qəzzaya humanitar yardımın girişini məhdudlaşdırıb, martın 9-da isə elektrik enerjisini tamamilə kəsdiyini açıqlayıb. Bu qərar bölgədə su təmizləyici qurğuların, xəstəxanaların və digər həyati obyektlərin fəaliyyətini ciddi şəkildə çətinləşdirib.