Əsas səhifə » Əzmlə dayan,səbrli ol!...çünki Rəbbin sənə vəd edib...

Əzmlə dayan,səbrli ol!...çünki Rəbbin sənə vəd edib...

BAKI,AzerVoice, ƏHMƏD SALİH HƏLƏBİ Xüsusi olaraq AzerVoice üçün

İslamda səbr, böyük bir əhəmiyyətə sahib olan və hər bir möminin həyatında qarşılaşdığı çətinliklərə qarşı düzgün bir davranış forması olaraq qiymətləndirilən bir xüsusiyyətdir. Aləmlərin rəbbi uca Allah Quranda belə buyurur

“Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver!Onlara (səbir edənlərə) bir müsibət üz verdiyi zaman: “Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” – deyərlər.Onları Rəbbi tərəfindən məğfirət və rəhmət gözləyir. Məhz onlar doğru yolda olanlardır” ( Bəqərə surəsi 155-157-ci ayətlər)

Bu ayələrdə uca Allah səbr edənlər üçün üç xüsusiyyəti birləşdirdi ki, bunları başqa insanlaraa vermədi: Onlara öz rəhmini, mərhəmətini hidayət etməsini. Bəzi insanlar onlara bir müsibət gəldikdə, sbe etmək əvəzinə üsyan edirlər. Bu isə doğru deyil, insanlar səbr etməli bəlalara qarşı əzmlə dayanmalıdırlr və heç sübhəsiz ki, Allaha yönəlməlidirlər.

Əyyub (ə.s) Rəbbinə dua edərək belə xitab edərdi : “Bu mənim halımdır, əgər sənə bu ağrılar, bədənimdə yayılan xəstəliklər və məni narahat edən bu əzablar, həmçinin yoxsulluğum, mal və övladlarımın itməsi xoşdursa, bu mənə də xoşdur. Əgər Sənin bağışlamağın, lütfün və mərhəmətin məni əzablardan, bədbəxtlikdən və ağrılardan qurtarmağı tələb edirsə, hər şey Sənin ixtiyarındadır, və mənim üçün güc və qüvvət yalnız Səndəndir”.

Səbrin çoxlu fəzilətləri vardır, bunlardan biri də odur ki, Allah səbir edənlərin mükafatını başqalarına nisbətən daha çox artırır və onlara mükafatlarını hesab-sorğu etmədən verir. Hər bir əməlinin mükafatı məlumdur, yalnız səbr istisna olmaqla. Allah bu haqda Quranda belə buyurur “De: “Ey İman gətirən qullarım, Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənlər üçün yaxşılıq vardır. Allahın yer üzü genişdir. Ancaq səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir”. ( Zumər Surəsi, 10- cu ayət). “Ey iman gətirənlər! Səbir edərək və namaz qılaraq (Allahdan) kömək istəyin! Şübhəsiz ki, Allah səbir edənlərlədir” (Bəqərə surəsi, 153-cü ayət).

"Fəqihlər, səbrin üç növünü qeyd edirlər: Allahın əmrlərinə itaət etmək üçün səbr, Allahın qadağalarından çəkinmək üçün səbr və Allahın təqdirlərinə səbr etmək.

İbnul-Qəyim (rahiməhullah) səbrin üç dərəcəsi olduğunu izah etmişdir: Allah Təala buyurur: “Sən səbir et! Sənin səbrin yalnız Allahın köməyi ilədir. Onlar üçün kədərlənmə və qurduqları hiylələrə görə narahat olma!” ( Nəhl surəsi, 127-ci ayət)

Səbr, Allah üçün səbr etməkdir, yəni bəndənin səbr etməsinin səbəbi yalnız Allahın sevgisi, Onun rizasını qazanmaq üçün olmalıdır, öz gücünü göstərmək, insanlardan tərif almaq və ya başqa məqsədlər üçün olmamalıdır.

Səbr, Allahla səbr etməkdir; bu, bəndənin Allahın istəkləri ilə uyğun hərəkət etməsi və Onun hökmləri ilə barışmasıdır. O, özünü bu hökmlərlə uyğun olaraq idarə edir. O, özünü yalnız Allahın əmrlərinə təslim edir. Bu, səbrin ən çətin və ən yüksək növüdür və bu səbr, yalnız siddiqlərin səbridir.

Bundan əlavə, deyə bilərik ki, səbrin sonu həmişə yaxşıdır. Əyyub (ə.s)-a baxaraq, müxtəlif əzablarla imtahan edilən bir insanın necə gözəl səbrlə qarşılayıb, Rəbbinə şükür edərək, dünyada bəlanın aradan qaldırılmasını və axirətdə yaxşı mükafatın verilməsini ümid etdiyini görürük.

Əgər insan Allahın təqdirinə razıdırsa, onun qəlbi rahatlıq və imanla dolursa yalnız o zaman xoşbəxtlik və rahatlıq yaşayacaq. Lakin əgər əksinə, Allahın təqdirinə qəzəblənirsə, həyatını kədər və əzabla keçirəcək.

Rəsulullah belə buyurmuşdur: ‘Böyük mükafat böyük bəlanın yanında gəlir. Allah bir xalqı sevdikdə onları imtahan edir, kim razı olarsa, Allah da razı olar, kim isə qəzəblənərsə, Allah da ondan qəzəblənər.’ (Tirmizi və İbn Məcə)

Ey Allah, bizə səbr və razılıq nəsib et, ümidsizlik və qəzəbdən uzaq tut, dinimizdə, dünyamızda və axirətimizdə sağlamlıq və rifah bəxş et. Allahın salavatı və salamı, Peyğəmbərimiz Məhəmmədin (s.a.v) üzərinə, Onun ailəsi və səhabələri ilə birlikdə, axirətə qədər olan hər kəsə olsun."

@ashalabi1380 [email protected]

Digər Kateqoriyalar

2025 © Azervoice