BAKI,AzerVoice
Səudiyyə Ərəbistanının təhlükəsizlik orqanları narkotik qaçaqmalçılığı və ticarəti ilə məşğul olan 3 cinayətkar şəbəkəni ifşa edib.AzerVoice xəbər verir ki, Əsir, Cizan və Şərq bölgələrində bu fəaliyyətlə məşğul olan 19 nəfər saxlanılıb. Onların arasında Daxili İşlər Nazirliyi, Zəkat, Vergi və Gömrük İdarəsi və Müdafiə Nazirliyinin əməkdaşları da var. Onlar barəsində qanuni tədbirlər görülərək Baş Prokurorluğa təhvil verilib.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin məsul nümayəndəsi bildirib ki, ölkəyə narkotik qaçaqmalçılığı və yayılması ilə bağlı aparılan təhlükəsizlik araşdırmaları nəticəsində nazirliyin müvafiq qurumlarına daxil olan məlumatlar əsasında Əsir, Cizan və Şərq bölgələrində narkotik maddələrin qaçaqmalçılığı və ticarəti ilə məşğul olan 3 cinayətkar şəbəkə aşkar edilərək zərərsizləşdirilib. Bu şəbəkələr narkotik maddələrin digər bölgələrə daşınmasını təşkil edir və əldə olunan gəlirləri yuyaraq qanunsuz yollarla dövriyyəyə buraxırdılar.
Mənbə qeyd edib ki, bu fəaliyyətlərdə iştirak edən 19 nəfər saxlanılıb. Onlardan 5-i Daxili İşlər Nazirliyinin, 7-si Zəkat, Vergi və Gömrük İdarəsinin, 3-ü isə Müdafiə Nazirliyinin əməkdaşlarıdır.