Əsas səhifə » Mövlana Kəmaləddin Məsud ibn Hüseyn Şirvani
Din

Mövlana Kəmaləddin Məsud ibn Hüseyn Şirvani

Bakı,AzerVoice

Teymurilər dövlətində (1368-1501) yaşamış məşhur həkim və mütəfəkkirlərindən biri idi. O, mövlana Fəthullah əş-Şabrani Şirvaninin (öl. 1486) tələbələrindən biri olmuşdur. Səid Nəfisi onun həmçinin Molla Caminin yetirmələrindən biri olduğunu qeyd etmişdir.
O, Teymurilərin idarəsi altındakı Xorasana getmiş və Heratdakı mədrəsələrdə tədrislə məşğul olmuşdu. Bu şəhərdəki İxlasiyyə və Gövhərşad mədrəsələrində kəlam, məntiq və hikmət dərsləri vermişdi. Onun dərslərini dinləmək üçün hər gün yüzlərlə tələbə toplaşırdı.
Həkim Kəmaləddin Şirvani bir müddət sonra Gövhərşad mədrəsəsini tərk etmiş və Qiyasiyyə mədrəsəsində dərs verməyə başlamışdı. Dərin bilik və dünyagörüşünə sahib alim kimi onun şöhrəti bütün Xorasana yayılmışdı. Teymurilər dövrünün bir çox tanınmış alimi, o cümlədən Nizaməddin Əlişir Nəvai (1441-1501) onun şöhrətini duyub dərslərində iştirak etmişdilər.
Onun qələmə aldığı əsərlərdən biri təbib Şəmsəddin Muhəmməd ibn Əşrəf Səmərqəndinin (öl. təqribən 1204) əxlaq fəlsəfəsinə dair ‚Adabü’l-Fazil adlı əsərinə yazdığı şərhdir.
Türkiyənin əlyazma əsər kitabxanalarında bu əsərin bir neçə əlyazma nüsxəsi mövcuddur. Bunlardan biri İstanbul Atif əfəndi kitabxanasında saxlanılır. Müəyyən edə bildiyimiz digər iki əsəri isə Əzudəddin əl-İcinin (öl. 1355) əxlaq və ictimaiyyətə dair‚Risalə fi Adabü’l-Bəhs‛ və ‚Risalətü’l-Və’ziyyə‛ adlı əsərlərinə yazdığı şərhlərdir.
Bu iki şərhdən birincisinin nüsxələri Türkiyədə Manisa İHK və Ankara Milli kitabxana, ikincisi isə İstanbul Nuriosmaniyyə əlyazmalar kitabxanasında saxlanılır. Bundan başqa

mövlana Kəmaləddin Məsud Şirvani ‚Haşiyə ələ Hikmətü’l-Əyn‛, ‚Haşiyə ələ Şərhü’l- Məvaqif‛ adlı əsərlərin də müəllifi idi. Bu iki əsərin əlyazma nüsxələri Konya Yusifağa kitabxanasında mövcuddur. Alim h. 905-cü ildə (1499) vəfat etmiş, onun cənazə mərasimində öz dövrünün məşhur alim və mütəfəkkirləri iştirak etmişdilər. Nişancı Mehmed Paşa öz əsərində onun Osmanlı sultanı II Bayəzidin (1481-1512) dövründə vəfat etmiş alimlərdən biri olduğunu yazmış, lakin onun Osmanlı ölkəsində yaşayıb yaşamamasına dair hər hansı bir şey qeyd etməmişdir. Alimin ‚Şərhu-Risalə fi Adabü’l-Bəhs‛ adlı əsərinin Türkiyədəki əlyazma əsər kitabxanalarından onlarla nüsxəsi mövcuddur.

Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …

Digər Kateqoriyalar

2024 © Azervoice